“Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi dəyişikliklərin açarıdır” - PARTİYA SƏDRİ ŞƏRH ETDİ
"Zəngəzur dəhlizi ilə bağlı xeyli müddətdir mübarizə gedir. Bu, çox vacib məsələdir. Orta yol, Orta Dəhliz layihəsinin əsas məntəqəsi və mərhələsidir. Bunun ətrafında uzun müddət müzakirə və mübarizə aparılırdı — kim nəzarət edəcək, kim daha çox bəhrələnəcək? Bəzi ekspertlər Zəngəzur dəhlizinin əhəmiyyətini Panama kanalına bənzədirlər. Yəni, Zəngəzur dəhlizi Panama kanalının quru variantı hesab edilir". Bu sözləri SİA-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.
Onun sözlərinə görə, Panama kanalının necə böyük əhəmiyyətə malik olduğu, onun uğrunda illər, onilliklər, hətta yüzilliklər mübarizənin getdiyi məlumdur. O dəhlizə kimlər nəzarət edəcəkdi? Son illərdə də bu məsələnin ətrafında mübarizə səngiməmişdi. Heç kim nəzarəti əldən vermək istəmir. Hətta orada Çin amili də var idi. Çin sakitcə iqtisadi imkanlardan istifadə edərək Panama kanalını qismən nəzarətə götürmüşdü. ABŞ bu vəziyyətdən xəbər tutaraq, müəyyən addımlar atdı və öz mövqeyini bərpa etdi: "Zəngəzur dəhlizi də dünyanın böyük iqtisadi xəritəsini birləşdirən bir yoldur. Bu layihənin reallaşacağı ilə bağlı uzun müddət tərəddüdlər vardı. Lakin nəticədə Azərbaycan və ABŞ-ın fəallığı, eləcə də Azərbaycanın regionda yaratdığı şərait sayəsində bu nəticə əldə olundu. İki əsas amil rol oynadı: 1. Azərbaycan regionda elə bir vəziyyət yaratdı ki, artıq Azərbaycanın ortaya qoyduğu şərtlərə heç kim müqavimət göstərə bilmədi. Rusiya müqavimət göstərdi, lakin cavabını aldı. İran təzyiqlər göstərdi, lakin nəticə əldə edə bilmədi. Ermənistan isə Azərbaycanın şərtləri ilə razılaşmaq məcburiyyətində qaldı. Yəni, uyğun və münbit şəraiti Azərbaycan yaratdı.
2. Türkiyə ilə birgə fəaliyyət. Türkiyə də Azərbaycanın mövqeyini dəstəklədi. Türkiyədə bəzi anti-Ərdoğan və anti-AKP qüvvələri bu məsələdə yanlış təbliğatlar aparmağa çalışsalar da, bu, reallığı dəyişmir. Bu, həm Türkiyə, həm də Azərbaycanın maraqlarına cavab verir.
Digər bir vacib amil də ABŞ-ın bu prosesdə fəal şəkildə iştirak etməsidir. ABŞ, Rusiyanın neytrallaşdırılmasında əsas fiqur kimi çıxış edir. Eyni zamanda, Azərbaycanın Çinlə strateji tərəfdaşlıq qurması və bu dəhlizlə bağlı Çinlə də müəyyən razılaşmalar əldə etməsi mühüm addımlardan biridir. Zəngəzur dəhlizi ilə bağlı üç əsas variant vardı:
1. Rusiya təkbaşına nəzarət etmək istəyirdi – bu, Azərbaycanın maraqlarına cavab vermirdi.
2. Ermənistan və İran birlikdə nəzarət etməyə çalışırdı – bu da Azərbaycanın maraqlarına uyğun deyildi.
3. ABŞ-ın iştirakı ilə, dəhlizin bir hissəsinin icarəyə verilməsi – bu variant seçildi və hazırda ən real və məqbul variant kimi həyata keçirilməyə başlayıb.
Ən ideal variant əlbəttə ki, dəhlizin tam şəkildə Azərbaycan nəzarətində olmasıdır. Lakin bu mümkün deyilsə, ABŞ-ın iştirakı ilə həyata keçən variant digər ikisindən qat-qat sərfəlidir. Hazırda bu dəhlizə ABŞ-ın özəl şirkətləri nəzarət edir. Bu da həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına cavab verir. Ermənilər də qismən razı görünürlər, çünki icarə mexanizmi onların müəyyən tələblərini də təmin edir. Ancaq ehtimal var ki, gələcəkdə bu nəzarət Azərbaycan və Türkiyəyə keçəcək, ya da hər üç tərəf – Azərbaycan, Türkiyə və ABŞ – birgə şəkildə nəzarət edəcəklər. Bu dəhliz, eyni zamanda, Türk dünyasının birləşdirilməsi və "Turan layihəsi"nin həyata keçirilməsi üçün böyük strateji əhəmiyyət daşıyır. Bu, həm də Azərbaycanın və Türkiyənin bölgədəki geosiyasi çəkisini artırır, İran və Rusiyanın təsir imkanlarını zəiflədir. Yəni, Zəngəzur dəhlizi sadəcə bir nəqliyyat layihəsi deyil, böyük geosiyasi və iqtisadi dəyişikliklərin açarıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə