"Bu, sadəcə Azərbaycan tarixinin deyil, dəyişən dünya düzənində yeni tarixin başlanğıcıdır"
Son günlərdə çox əhəmiyyətli hadisələrin şahidi oluruq və bir azərbaycanlı olaraq böyük bir qürur hissi keçiririk. Dünən və bu gün Vaşinqtonda keçirilən görüşlər, paraflanan sənədlər, Prezident İlham Əliyevin illərdən bəri həyata keçirdiyi məqsədyönlü və dönməz siyasətin, güclü iradənin əhəmiyyətli bir təzahürüdür. Bu gün dünya bir daha Azərbaycanın güclü mövqeyini, bütövlüyünü və sabitliyini görmüş olur. Əlbəttə ki, Amerika Birləşmiş Ştatları kimi fövqəldövlətdə bu görüşün keçirilməsi və tərəflər arasında razılığın əldə edilməsi Azərbaycan tarixinin çox əhəmiyyətli bir səhifəsidir.
Bu, sadəcə Azərbaycan tarixinin deyil, dəyişməkdə olan dünya düzəni çərçivəsində yeni dünyanın, yeni tarixinin bəlkə də başlanğıcı günüdür. Bəlkə bir az iddialı səslənə bilər, amma bu, bir həqiqətdir. Bu gün Azərbaycan artıq sözün əsl mənasında söz sahibi olaraq əhəmiyyətli bir yerə gəldiyini nümayiş etdirə və sübut edə bildi. Bu, yalnız nümayişlə bitmir biz əməllərimiz, qərarlarımız və qətiyyətimizlə bu siyasətimizi bütün dünya qarşısında təsdiqləyə bildik.
Bu, böyük bir uğur, böyük bir nailiyyətdir və Azərbaycanın illərdən bəri həyata keçirdiyi düzgün siyasətin mühüm bəhrəsidir. Əhəmiyyətli məqamlardan biri ATƏT-in Minsk qrupunun ləğv olunması, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması və bu gün artıq həmin müqavilənin imzalanması ərəfəsində olmağımızdır. Bu, sözün əsl mənasında tarixin yazılan çox mühüm bir səhifəsidir. Bu səhifədən sonra sadəcə Azərbaycan və Ermənistan üçün deyil, Cənubi Qafqaz bölgəsi, eləcə də bütün dünya və dünya nizamı üçün uğurlu inkişafların və mühüm irəliləmələrin şahidi olacağıq.
Jalə Əliyeva
Millət vəkili, Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə