"Azərbaycan qazının Yaxın Şərqə çıxışı yeni enerji mərhələsinin başlanğıcı ola bilər" - EKSPERT ŞƏRH ETDİ

"Suriya prezidentinin Azərbaycana səfəri və nümayəndə heyəti ilə keçirilən görüşlər yalnız diplomatik baxımdan deyil, həm də enerji təhlükəsizliyi və regional inteqrasiyanın perspektivləri baxımından mühüm əhəmiyyət kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan qazının Suriyaya, ordan keçməklə İordaniya və Misirə çatdırılması ideyası regionda yeni bir enerji marşrutunun formalaşması deməkdir: "Bu marşrutun reallaşması bir neçə strateji üstünlük və risklərə malikdir. Əvvəla, bu layihə Azərbaycanın enerji ixrac coğrafiyasını genişləndirərək, ölkənin Yaxın Şərq bazarlarına çıxışını təmin edə bilər. Beləliklə, Azərbaycan yalnız Avropaya yox, həm də cənub və cənub-qərb istiqamətində strateji enerji təchizatçısına çevrilə bilər. Bu isə ölkəmizin geosiyasi çəkisini daha da artıracaq. Digər tərəfdən, bu marşrut Azərbaycanın tranzit əməkdaşlığını Türkiyə, Suriya, İordaniya və Misir kimi dövlətlərlə gücləndirərək enerji diplomatiyasında yeni bir regional sinerji yarada bilər. Əgər bu layihə uğurla gerçəkləşərsə, Azərbaycan “Şərq-Qərb” marşrutu ilə yanaşı “Şimal-Cənub” və “Cənub-Qərb” enerji dəhlizində də mühüm rol oynamağa başlayacaq.

Bununla belə, layihənin qarşısında duran əsas risklərdən biri regionda davam edən geosiyasi qeyri-sabitlikdir. Suriya və İordaniya ərazisində təhlükəsizlik zəmanətlərinin olmaması, infrastrukturun yetərincə inkişaf etməməsi, həmçinin bölgədəki rəqib güclərin (o cümlədən İran və Rusiya) enerji maraqları bu marşrutun icrasını çətinləşdirə bilər.

Nəticə etibarilə, əgər bütün bu çətinliklər aşılarsa, sözügedən enerji marşrutu Azərbaycanın enerji siyasətində yeni mərhələnin – “Yaxın Şərqə strateji inteqrasiya” mərhələsinin başlanğıcı ola bilər. Bu isə həm iqtisadi baxımdan gəlirliliyi, həm də siyasi baxımdan təsir gücünü artıran bir amildir. Azərbaycanın enerji siyasəti artıq yalnız ixrac deyil, həm də regionda enerji təhlükəsizliyinin təminatçısı funksiyasına doğru inkişaf edir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə