"Yaxın gələcəkdə münaqişəyə tam son qoyulacağı ehtimalı zəif görünür" - POLİTOLOQ ŞƏRH ETDİ

“İran-İsrail münaqişəsinə nə vaxt son veriləcəyini proqnozlaşdırmaq olduqca çətindir, çünki bu qarşıdurma təkcə hərbi deyil, həm də ideoloji, siyasi və regional maraqlara əsaslanır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, hazırda elan olunan atəşkəs qısamüddətli sülhə ümid versə də, bu münaqişənin kökündə duran problemlər hələ də həll olunmayıb: "Tərəflər arasında dərin etimadsızlıq, strateji rəqabət və regionda nüfuz uğrunda mübarizə davam edir. İran, xüsusilə İsrailin Fələstin ərazilərindəki fəaliyyətlərini və Qüds məsələsini öz milli təhlükəsizlik strategiyasının əsas elementi kimi görür. Eyni zamanda, İsrail də İranın Yaxın Şərqdəki silahlı qruplaşmaları dəstəkləməsini özünə ciddi təhlükə sayır. Bu səbəbdən atəşkəsin pozulması və münaqişənin yenidən alovlanması ehtimalı hər zaman aktual olaraq qalır.

Dayanıqlı sülh yalnız region ölkələrinin və beynəlxalq aktorların qarşılıqlı dialoq və kompromisə əsaslanan yanaşması ilə mümkün ola bilər. Ancaq mövcud reallıq göstərir ki, tərəflər hazırda geri addım atmağa və güzəştə getməyə hazır deyillər. Ona görə də yaxın gələcəkdə bu münaqişəyə tam son qoyulacağı ehtimalı zəif görünür".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə