ŞKTC prezidentinin fəxri doktor diplomu mərasimi keçirilib - YENİLƏNİB/FOTOLAR

Azərbaycan Texniki Universitetində (AzTU) 2025-ci il iyulun 2-də mühüm və əlamətdar tədbir baş tutub. Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin Tatar universitetin fəxri doktoru adına layiq görülüb. Tədbir Prezident Ersin Tatarın Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunub və ölkələrimiz arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin təcəssümü kimi dəyərləndirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən öncə cənab Ersin Tatar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin universitet ərazisindəki büstünü ziyarət edib, önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad edib. Ardınca Prezident AzTU-nun əsas tədris binasında yerləşən kitabxana ilə yaxından tanış olub, burada gənclərə təqdim olunan elmi resurslar və təhsil imkanları barədə məlumat alıb.

Fəxri doktor adının təqdimat mərasimi universitetin Akt Zalında keçirilib. Tədbiri giriş nitqi ilə Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb. O, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın türk dünyasına verdiyi töhfələrdən, ictimai-siyasi fəaliyyətindən və Kipr türklərinin haqlı mübarizəsində oynadığı önəmli roldan bəhs edib.

Mərasimdə Prezident Ersin Tatarın ictimai-siyasi fəaliyyəti ilə bağlı xüsusi təqdimat nümayiş olunub. Slayd və video materiallar vasitəsilə onun keçdiyi siyasi yol, liderlik fəaliyyəti, milli maraqları müdafiə edən mövqeyi və türk dünyası ilə əlaqələrin gücləndirilməsi istiqamətində atdığı mühüm addımlar iştirakçılara təqdim edilib.

Daha sonra AzTU Elmi Şurasının qərarına əsasən Prezident Ersin Tatar Azərbaycan Texniki Universitetinin fəxri doktoru adına layiq görülüb. Təntənəli şəkildə fəxri mantiyanın geydirilməsi və diplomun təqdimatı mərasimi keçirilib. Bu anlar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb və böyük rəğbətlə müşayiət olunub.

Tədbirin davamında Ersin Tatar universitetin professor-müəllim heyəti, tələbələr və tədbirə qatılan qonaqlar qarşısında çıxış edib. O, bu ali mükafata layiq görülməkdən böyük məmnunluq və qürur duyduğunu bildirib. Eyni zamanda, Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında mövcud olan qardaşlıq münasibətlərinin əhəmiyyətindən danışıb, gənclərin birgə təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Tədbir Ersin Tatarın bağlanış nitqi ilə başa çatıb. Sonda o, Azərbaycan Texniki Universitetinə, onun rəhbərliyinə və bütün kollektivə göstərilən yüksək ehtirama görə təşəkkürünü bildirib.

Qeyd edək ki, mərasimdə elm və təhsil xadimləri, dövlət qurumlarının nümayəndələri, ictimaiyyət və media təmsilçiləri də iştirak ediblər. Bu əlamətdar tədbir Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsində mühüm addımlardan biri kimi tarixə yazılıb.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə