"Etnik ayrı-seçkilik sabitliyə təhdid yaradır və qarşısı dialoqla alınmalıdır" - HƏRBİ EKSPERT DANIŞDI
"Son günlər Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələr – xüsusilə də azərbaycanlılara, Orta Asiya respublikalarından olanlara və digər qeyri-rus xalqların nümayəndələrinə qarşı həyata keçirilən güc tətbiqi və diskriminasiya xarakterli davranışlar – ciddi narahatlıq doğurur. Bu cür hadisələr təkcə lokal qarşıdurma kimi deyil, həm də daha geniş geosiyasi və ictimai kontekstdə qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, Rusiya daxilində sosial-iqtisadi problemlər, etnik münasibətlərdə gərginlik və mərkəzi hakimiyyətin sərt yanaşması uzun müddətdir mövcuddur. Ancaq son vaxtlar bu problemlər xüsusilə miqrantlara və etnik azlıqlara qarşı zorakılıq formasında özünü göstərməyə başlayıb. Bu isə təkcə hüquqi deyil, həm də təhlükəsizlik baxımından çox ciddi bir siqnaldır: "Gərginliyin nə qədər davam edəcəyi məsələsinə gəldikdə bu, Rusiya hökumətinin atacağı addımlardan asılı olacaq. Əgər dövlət güc strukturları vasitəsilə sadəcə basqı yolunu seçərsə, bu, əks təsir doğuracaq və qarşıdurmaların miqyasını daha da artıracaq. Əksinə, əgər dövlət bu hadisələrin kökünə enər, milli və dini ayrı-seçkilik hallarının qarşısını almaq üçün sistemli tədbirlər görərsə, vəziyyəti sabitləşdirmək mümkündür.
Çıxış yolu isə ilk növbədə dialoq və beynəlxalq hüquq normalarına uyğun davranışdan keçir. Rusiyada yaşayan azərbaycanlılar və digər xalqların nümayəndələri ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən insanlardır və onların təhlükəsizliyi təmin edilməlidir. Dövlət qurumları bu məsələdə həm məsuliyyətli, həm də ədalətli davranmalı, təxribat xarakterli çağırışlara və radikal qrupların fəaliyyətinə qarşı ciddi tədbirlər görməlidir. Eyni zamanda, Azərbaycanın müvafiq diplomatik nümayəndəlikləri də bu hadisələri diqqətlə izləməli, vətəndaşlarımızın hüquqlarının qorunması üçün Rusiya tərəfi ilə əlaqəli şəkildə işləməlidirlər.
Unutmaq olmaz ki, belə hadisələrin davamlılığı regionda etimad mühitini poza və daha böyük miqyaslı təhlükəsizlik təhdidlərinə yol aça bilər. Məhz buna görə də həm diplomatik, həm də hüquqi müstəvidə konkret addımlar atılmalı, təxribatların qarşısı qətiyyətlə alınmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə