Bu gün BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyası - SB62 başa çatır - FOTOLAR

Bu gün Almaniyanın Bonn şəhərində BMT-nin İqlim üzrə Subsidiar Orqanlarının 62-ci Sessiyası - SB62 başa çatır. SİA xəbər verir ki, danışıqlar prosesi gərgin şəkildə davam edir və tərəflər nəticələrin əldə olunması istiqamətində əzmlə çalışır. İki həftə ərazində aparılan müzakirələrin və görüşlərin nəticələri iyunun 26-da axşam saatlarında keçiriləcək bağlanış mərasimində elan ediləcək.

COP30-a gedən yolda mühüm müzakirələrin aparıldığı Bonn Sessiyasındakı irəliləyiş və fikir ayrılıqları hələ də davam edir.

Qlobal Uyğunlaşma Məqsədi – GGA üzrə gərgin keçən danışıqlarda uzun müzakirələrdən sonra bəzi irəliləyişlər əldə olunub. Əsas məsələlərdən biri uzlaşma indikatorları ilə bağlı idi. Afrika və Ərəb qrupları bu indikatorların Paris Sazişinin 7.1 və 2-ci maddələrinə uyğunlaşdırılmasını tələb edirdi. Qərb ölkələri isə bu yanaşmaya qarşı çıxaraq, daha çevik və texniki yönlü mövqe sərgiləyiblər.

Xüsusi həssas qrupların tanınması da müzakirə olunub. Norveç və Türkiyə uşaqlar və gənclər, Kolumbiya yerli xalqlar, GRUPO SUR təşkilatı isə Afrika mənşəli insanlar üçün ayrıca qeydiyyat tələb edib. Müzakirələrin sonunda bütün qeyd olunan məsələlər bir kontekstdə "zəif əhali" ifadəsi ilə əvəz olunub.

Maliyyə ilə bağlı "İcranın vasitələri" danışıqları isə olduqca gərgin keçib. Kanada və Birləşmiş Krallıq bütün maliyyə mənbələrinə istinad edilməsini istəyib. G77 və Çin isə Paris Sazişinin 9-cu, 10-cu və 11-ci maddələrinə uyğun olaraq maliyyə indikatorlarının açıq şəkildə yer almasını tələb edib.

Uyğunlaşma Fonduna dair müzakirələrə əsasən, həm rəsmi qeydlər, həm də G77/Çin-in təqdim etdiyi alternativ sənəd Belem müzakirələrinə çıxarılacaq.

Texnologiyalarla bağlı isə İqlim Texnologiyaları Mərkəzinin funksiyaları ilə bağlı fikir ayrılığı davam edir. Papua Yeni Qvineya mərkəzin cari funksiyalarının yetərsiz olduğunu bildirərək, dəyişikliklər tələb edib. Digər tərəflər isə kompromis üçün vaxtın az olduğunuı vurğulayıblar.

Mitiqasiya (İqlim dəyişmələrinin təsirinin azaldılması) üzrə İş Proqramı (MWP) çərçivəsində struktura dair razılaşma əldə olunsa da, "ən son elmi nəticələrə" istinad edilməsi ətrafında mübahisələr davam edir. Bəzi ölkələr elmi istinadların ümumi qəbul edilmədiyini bildirib.

Qlobal Yekun Dəyərləndirmə (GST) üzrə danışıqlarda da tərəflər arasında fikir ayrılığı olub. Dörd fərqli mətn variantının irəli sürülməsi razılaşmanı çətinləşdirib. Hindistan və Afrika qrupu hər iki mətnin Belem müzakirələrinə daşınmasını təklif edib.

Ədalətli Keçid Proqramı (Just Transition) çərçivəsində isə bərpaolunan enerjiyə keçid, təmiz enerjiyə çıxış və sosial-iqtisadi imkanlar üzrə fikirlər toqquşub. Oxşar fikir irəli sürən İnkişaf Etməkdə Olan Ölkələr və Ərəb qrupu sənədə İnkişaf Etməkdə olan Ölkələrin öz spesifik enerji keçidi yollarını tanıyan variantları daxil etməyi tələb edib.

Həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq üzrə məsələdə Rio Konvensiyaları arasında sinerjilərin gücləndirilməsi və Bern prosesi çərçivəsində bərpaolunan sessiyaların davam etdirilməsi üçün çağırışlar səsləndirilib.

Qeyd etmək lazımdır ki, COP29 Sədrliyi bütün bu danışıqlarda fəal şəkildə iştirak edir. Ölkəmiz SB62 danışıqlarında bir daha Azərbaycanın yaşıl diplomatiyasının gücünü və operativliyini sübut etdi. Gərgin keçən danışıqlarda COP29 Sədrliyi peşəkarcasına bütün tərəfləri bir məxrəc ətrafına toplamağı bacardı. Bakıdan Belemə yol xəritəsi ilə bağlı mexanizmlər və ölkəmizin Braziliya Sədrliyinə göstərdiyi dəstək davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə