"Ermənistan Azərbaycana qarşı ərazi iddiasından əl çəkməlidir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ
"Ümumiyyətlə, hazırda Ermənistan - Azərbaycan arasında münasibətlərin yeni bir dövrü başlayıb. Davamlı təmaslar müxtəlif səviyyələrdə - Prezident, xarici işlər naziri və digər rəsmi şəxslər səviyyəsində intensivləşib". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, 2025-ci ilin ilk altı ayı yaddaşımızda uğurlu qalacaq və hesab edirəm ki, bu, sülhə, sülh müqaviləsinə doğru atılan mühüm addım kimi dəyərləndirilməlidir: "Amma müqavilənin bu il imzalanıb-imzalanmaması artıq Azərbaycanın iradəsi ilə bağlı deyil, yəni bu, Azərbaycan tərəfinin üzərinə düşən bir məsuliyyət deyil. Bu, Ermənistan tərəfinin atacağı addımlardan asılıdır. Bilirik ki, hələ 2020-ci ilin 10 noyabr tarixində imzalanan Bəyanata əsasən, Ermənistan öz üzərinə bir sıra öhdəliklər götürmüşdür ki, bunun da biri Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bu, prosesin həyata keçirilməsinə start verilməsi ilə bağlıdır. Lakin hələlik Ermənistan tərəfi bu istiqamətdə konkret addımlar atmayıb. Digər tərəfdən isə Ermənistan öz qanunvericilik bazasında Azərbaycana qarşı ərazi iddiasından əl çəkməlidir. Bununla bağlı isə Ermənistanda referendum keçirilməlidir. Əlavə olaraq, Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərini yerinə yetirməməsi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarından biri olan bu məsələnin hələ də icra olunmaması, regionda sülhün bərqərar olmasına maneə yaradır.
Ümid edirik ki, qarşıdakı dövrdə Ermənistan tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirəcək və regionda davamlı sülhə nail olunacaq. Bu, sülh müqaviləsinin tez bir zamanda imzalanmasına dair ehtimalları artırır. O ki qaldı hərbi əməliyyatlarla bağlı məsələyə - əlbəttə ki, Ermənistan Azərbaycanla sərhəd bölgəsində öz hərbi potensialını artırmaqla məşğuldur. Yeni hərbi hissələrin tikilməsi, yeni texnologiyaların cəlb olunması və digər bu kimi fəaliyyətlər aparılır. Amma şərti sərhəd bölgəsində hazırkı mərhələdə qarşıdurma yaradacaq hansısa bir situasiya müşahidə edilmir. Təbii ki, hələ 2025-ci ilin bitməsinə müəyyən müddət var. Bu müddət ərzində atılacaq addımlardan çox şey asılıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə