"Azərbaycanın haqlı tələbi hələlik yerinə yetirilmir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün konkret iki şərt mövcuddur. Azərbaycan Prezidenti bir neçə gün öncə bu şərtləri bir daha ifadə etmişdi. Birincisi, Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir və Azərbaycana qarşı ərazi iddiaları tam şəkildə aradan qaldırılmalıdır. İkinci əsas şərt isə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə rəsmi olaraq son qoyulması və bunun üçün birgə müraciətin ünvanlanmasıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Ermənistan bu iki məsələdən heç biri ilə bağlı real addım atmağa hazır görünmür. Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə gün öncə hökumət iclasında bildirdi ki, konstitusiya dəyişikliyi yalnız Konstitusiya Məhkəməsinin qərarından sonra ola bilər: "Yəni, Ermənistan tərəfi əvvəlcə müəyyənləşdirmək istəyir ki, konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları varmı, yoxmu. Paşinyan daha əvvəl iddia etmişdi ki, Ermənistan Konstitusiyasında heç kimə qarşı ərazi iddiaları yoxdur. Amma bu, reallığı əks etdirmir və Azərbaycanın haqlı tələbi hələlik yerinə yetirilmir.
ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı da Ermənistan tərəfi geri durmur və şərt qoyur ki, bu qurumun fəaliyyətinə son qoymaq üçün müraciət yalnız sülh müqaviləsi imzalanan gün edilə bilər. Halbuki münaqişə artıq bitib və bu qurumun fəaliyyəti üçün hüquqi əsas qalmayıb. Bu iki məsələ açıq qaldığı üçün sülh müqaviləsinin yaxın vaxtlarda imzalanması real görünmür. Qeyd etmək lazımdır ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və Paşinyan bu seçkiləri nəzərə alaraq hər hansı sənədin imzalanmasından çəkinir. O, anlayır ki, atacağı addımlar daxildəki revanşist qüvvələr tərəfindən öz əleyhinə istifadə oluna bilər.
Azərbaycan isə öz torpaqlarını işğaldan azad etmiş, suverenliyini tam bərpa etmiş dövlətdir. Biz hazırkı vəziyyətdə komfortlu mövqedəyik və sülh gündəliyini irəli aparan tərəfik. Şübhə yoxdur ki, Azərbaycanın haqlı və gücə əsaslanan mövqeyi qalib gələcək".
Bütün xəbərlər Facebook səhifəmizdə