Səfir: Çin və Azərbaycan yaxşı dost və tərəfdaşlardır

Çin və Azərbaycan arasında dostluğun möhkəmlənməsi üçün göstərilən dəstəyə və səylərə görə bütün dostlara təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, bugünkü qəbulun təşkilinə görə Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə minnətdarlığımızı ifadə etmək istərdim. Çin Xalq Respublikasının Sədri Si Cinpin tərəfindən Azərbaycanda səfir təyin olunmağım mənim üçün böyük şərəfdir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri Çinin Azərbaycandakı səfiri Lu Mey mayın 29-da Heydər Əliyev Mərkəzində keçirilən qəbulda çıxışı zamanı bildirib.

“Bu gözəl və rəngarəng ölkənin torpağına ilk dəfə qədəm qoyanda, qarşımdakı missiyanın məsuliyyətini dərindən dərk etməklə yanaşı, qürur duydum. Dövlət başçılarımız arasında formalaşmış strateji konsensusa əsaslanaraq, səfirlik müddətim ərzində Çin–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə tam sadiq qalmağa hazıram. Çin və Azərbaycan yaxşı dost və tərəfdaşlardır. Son 33 ildə diplomatik münasibətlərin qurulmasından bəri Çin–Azərbaycan əlaqələri sabit və davamlı şəkildə inkişaf edib.

Müxtəlif sahələrdə məhsuldar əməkdaşlıq hər iki ölkənin inkişaf və dirçəlişinə güclü təkan verib və xalqlarımıza əhəmiyyətli faydalar qazandırıb. Xüsusən də son illərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diqqəti və strateji rəhbərliyi sayəsində iki ölkə arasındakı münasibətlər bütün istiqamətlərdə daha sürətlə inkişaf edir. Bu ilin aprel ayında Prezident İlham Əliyev Çinə dövlət səfəri edib.

Hazırda ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı əlaqələr daha da intensivləşir. Siyasi qarşılıqlı etimad güclənir. Ticarət və investisiya əməkdaşlığı genişlənir, ikitərəfli ticarət dövriyyəsi isə yeni zirvələrə çatır. “Bir kəmər, bir yol” təşəbbüsünün birgə icrası sahəsində, xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və Çin–Avropa dəmir yolu ekspresi üzrə əməkdaşlıqda əhəmiyyətli nailiyyətlər əldə olunub.

İki ölkə arasında mədəni əlaqələr də inkişaf edir, Azərbaycanda Çin mədəniyyəti və dilinə maraq durmadan artır. Viza rejiminin qarşılıqlı şəkildə ləğvi ilə bağlı razılaşma sayəsində yaxın gələcəkdə turizm və ticarət potensialı daha da genişlənəcək”, – deyə Lu Mey bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə