Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik respublikasıdır

Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanbu ənənələrə sadiq qalaraq hər zaman onu qoruyub saxlamışdır. Bu ənənələrin kulminasiya nöqtələrindən biri 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti (AXC), digəri isə 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasıdır. Bu iki mərhələ Azərbaycan xalqının azadlıq, suverenlik və demokratiya uğrunda mübarizəsinin parlaq təzahürü kimi tarixə həkk olunmuşdur.

Birinci Dünya müharibəsinin gedişində və Rusiyada Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanda dövlətçilik ənənələrimiz yenidən dirçəlirdi.1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının üzvləri ayrıca iclas keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Bununla da, əslində Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq parlament yaranırdı. Mayın 28-də Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi və Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Bu, dünya miqyasında mühüm hadisə idi. Bu, yalnız Azərbaycan xalqının deyil, ümumiyyətlə müsəlman Şərqinin ilk parlamentli, hüquqi və demokratik respublikası idi.Dövlət quruculuğu sahəsində, hüquq, təhsil, elm və digər sahələrdə mühüm addımlar atıldı.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq sübut etdi ki, Azərbaycan xalqı müstəqil, azad şəkildə yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadir xalqdır. AXC-nin süqutu əsasən xarici hərbi müdaxilə ilə bağlı olmuşdu. XI Qızıl ordu 1920-ci il aprelin 27-də Bakıya daxil olaraq cümhuriyyətə son qoydu.

1991-ci ildə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi.“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Lakin ilk illər ölkə ciddi daxili və xarici problemlərlə üz-üzə qaldı: Ermənistanın işğalçılıq müharibəsi, iqtisadi böhran, qeyri- siyasi sabitlik və çevrilişlər. Azərbaycana qarşı ərazi iddialarını gerçəkləşdirmək üçün Ermənistanın 1988-ci ildən başlatdığı və 1992-ci ildə genişlənən işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın ərazisinin 20 faizi işğal altına düşmüşdü.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi naminə misilsiz fəaliyyət göstərmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi dövlət quruculuğunun əsası qoyulmuş, demokratik təsisatların formalaşması istiqamətində mühüm addımlar atılmış, iqtisadi islahatlara start verilmişdir. Onun uzaqgörən daxili və xarici siyasəti sayəsində Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilmişdir. 1995-ci ildə yeni Konstitusiya qəbul olundu və hüquqi dövlətin əsasları formalaşdırıldı. Azərbaycan sürətli iqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Neft və qaz ehtiyatlarının ixracı və həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr ölkənin iqtisadi müstəqilliyini daha da möhkəmləndirdi.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu, iqtisadiyyat, təhsil, elm və digər sahələri əhatə edən inkişaf strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 30 ildən artıq düşmən tapdağında olan torpaqlarımız qüdrətli, cəsur Azərbaycan ordusu tərəfindən işğaldan azad edildi. 27 sentyabr 2020 – ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Dəmir Yumruq əməliyyatı ilə başlanan və 44 gün əzmlə davam edən Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi, tarixi ədalət bərpa edildi. 2023 – cü il sentyabrın 19 – da başlayan və 23 saat davam edən antiterror əməliyyatı nəticə¬sində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğu¬na son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.Dövlətimizin başçısı İlham Əliyev xalqımıza qələbə sevincini yaşatdı. Dövlət bayrağımızı əzəli və əbədi torpaqlarımızda dalğalandırmaqla xalqımızın arzularını yerinə yetirdi. Beləliklə, müstəqil Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyini sübut edir. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında bir tarixi varislik mövcuddur. Hər iki mərhələ xalqın azadlıq iradəsinin ifadəsi, milli kimliyin güclənməsi və demokratik dəyərlərə sadiqliyininümayiş etdirir. Bu gün Azərbaycan regionda aparıcı dövlətlərdən birinə çevrilib və dövlətçilik ənənələrini möhkəmləndirərək gələcəyə doğru inamla addımlayır.

Mövlan Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə