Bakıda keçirilən beynəlxalq konfrans yüksək peşəkarlıqla təşkil olunub. İslamofobiya ilə bağlı keçirilən bu tədbirə ilk dəfədir ki, qatılıram. Prezident İlham Əliyevə və bu tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə səmimi təşəkkürlərimi bildirirəm.
SİA-nın məlumatına görə, bu sözləri İraqın Kərkük Universitetinin akademiki Nabil Şahin Mohammed açıqlamasında söyləyib.
O qeyd edib ki, islamofobiya yeni yaranmış bir anlayış deyil: “Bu, İslam peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.s) dövründən etibarən başlayaraq zamanla müxtəlif formalarda davam etmiş bir nifrət dalğasıdır. Onun yaxın çevrəsindən belə başlayan bu qarşıdurma və nifrət sonradan İslam dininə qarşı yönələn sistemli bir siyasətə çevrilib. Amma əsas məsələ budur: Nə üçün bu nifrət çağdaş dövrdə daha da artmaqdadır? Bu sualı biz müsəlmanlar özümüzə verməliyik”.
Akademik qeyd edib ki, islamofobiya ilə mübarizə yalnız xarici təbliğatla deyil, eyni zamanda, daxili təmizlənmə və birlik vasitəsilə aparılmalıdır: “İlk növbədə biz, müsəlmanlar, öz içimizdəki nifrəti aradan qaldırmalı, birliyimizi möhkəmləndirməliyik. Təhsil, tolerantlıq və qarşılıqlı hörmət vasitəsilə bu nifrəti məhv edə bilərik”.
Akademik Azərbaycanın bu sahədə nümunəvi rol oynadığını bildirərək deyib: “Can Azərbaycan, bütün təzyiqlərə, işğallara baxmayaraq, İslamı ən gözəl şəkildə təmsil edir. Çünki bu ölkə birlik və bərabərlik içindədir, çünki təhsilə və milli həmrəyliyə önəm verir. Ona görə də Azərbaycan və Qətər kimi ölkələr İslamı dünyaya müsbət şəkildə tanıda bilirlər.”
Nabil Şahin Mohammed bu kimi beynəlxalq tədbirlərin davamlı keçirilməsinin, islamofobiyaya qarşı qlobal səviyyədə birgə mübarizənin vacibliyini bir daha xatırladıb.
Bütün xəbərlər Facebook səhifəmizdə