"İki ölkə arasında strateji tərəfdaşlıq planının hazırlanması qərara alınıb" - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ
"Azərbaycan–İran münasibətlərində müsbət istiqamətdə inkişafdan, irəliləyişdən xəbər verir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, iki dövlətin bir-birinə yaxınlaşmasından xəbər verir: "İran prezidenti Məsud Pezeşkiyanın Azərbaycana səfəri və o səfərdə müzakirə olunan məsələlər, cənab Prezidentimiz İlham Əliyevin İran prezidentinin səfəri zamanı verdiyi mesajlar, Azərbaycanın mövqeyi və digər məsələlər nəzərə alınır. İran Prezidenti Məsud Pezeşkiyanın 28 aprel 2025-ci il tarixində Azərbaycana etdiyi rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər çərçivəsində İran və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrini əhatə edən yeddi əməkdaşlıq sənədi imzalanıb.
Prezident Pezeşkiyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşlərdə, iki ölkə arasında strateji tərəfdaşlıq planının hazırlanması qərara alınıb. Bu plan, sənaye, elm, mədəniyyət, iqtisadiyyat, siyasət və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Mən düşünürəm ki, günü-gündən Azərbaycan–İran münasibətləri müsbət istiqamətdə daha da inkişaf edəcəkdir. Yəni, İranın verdiyi bu qərar alqışlanmalı məsələdir.
Bütün xəbərlər Facebook səhifəmizdə