"Azərbaycan xarici siyasət doktrinasında çoxşaxəli bir siyasət həyata keçirir. Bu siyasət həm iqtisadi sahədə, həm siyasət, həm də təhlükəsizlik sahəsindədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan həm qonşu dövlətlərlə, həm də dünya dövlətləri ilə bu siyasi kursu həyata keçirməkdədir: "O cümlədən də Vyetnamla da bu kimi siyasi əlaqələr qurulur. Azərbaycanla Vyetnam arasında hələ sovet dövründən belə münasibətlər var. Bununla yanaşı Vyetnam tələbələri Azərbaycanda təhsil alırdı.
Azərbaycan neft maşınqayırma sahəsində istehsal edilən məhsullar Vyetnama satılırdı. Sovet dövründən hələ Vyetnamla Azərbaycan arasında təhsil və digər sahələrdə iqtisadi münasibətlər var idi. Azərbaycanla Vyetnam arasında yenidən münasibətlərin inkişafı hər iki dövlətin maraqlarına uyğun gəlir".
Politoloq qeyd edir ki, Azərbaycan Respublikasının Prezidenti Vyetnam kütləvi informasiya vasitələrinə müsahibəsi Azərbaycan reallıqlarını Vyetnam ictimaiyyətinə çatdırmaq, eyni zamanda Cənubi Qafqazda Azərbaycanın aparıcı dövlət olaraq mövqeyini göstərməkdir: "Bununla yanaşı Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdikdən sonra dünyanın bir çox dövlətləri ilə iqtisadi və siyasi münasibətini genişləndirməkdədir.
Hesab edirəm ki, Vyetnamla Azərbaycan arasında münasibətlərin yaxşılaşması hər iki dövlətin milli maraqlarına uyğundur. Ümumilikdə Azərbaycan özünü beynəlxalq aləmdə tanıtmaq və Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bu cürə siyasət həyata keçirir. Bu da bizim dövlət və milli maraqlarımıza uyğun gəlir. Eyni zamanda qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidentinin bu yaxınlarda Çinə səfəri olmuşdu. Azərbaycan həm şimalla, həm də cənubla çoxqütblü siyasət həyata keçirir".
Bütün xəbərlər Facebook səhifəmizdə