Deputat Azər Badamova qarşı olan təxribat Rusiyadan Azərbaycana qarşı törədilmiş kiberhücumlar fonunda baş verir
Elə dövlətlər var ki, onlarla səmimi, etibarlı tərəfdaş olmaq bəzi hallarda çətinliklər yaradır. Çünki həmin dövlətlərdə bəzi rəsmi şəxslər qaranlıq yol tutur və hər cür vasitədən istifadə etməklə dövlətlərarası əlaqələrin səmimiyyət üzərində qurulmasına əngəllər yaratmağa çalışırlar. Baş verənlərə əsasən demək olar ki, qaranlıq niyyətli qara keşişlər bəzi hallarda istəklərinə nail olurlar. Onlar təmsil olunduqları dövlətlərin hakim elitasına təsir edir və dost əli uzadan ölkələrlə müttəfiqlik münasibətlərin qurulmasına mane olurlar.
Rusiya-Azərbaycan yaxın qonşu dövlətlər olsalar da, qara keşişlərin səyi nəticəsində iki dövlət arasında zaman-zaman konfliktlər, bəzi hallar ciddi problemlər yaranır. Qroznı-Bakı reysi ilə uçan sərnişin təyyarəsinin Rusiya ərazisində raketlə vurulması heç şübhəsiz ki, iki dövlət arasında dostluq əlaqələrinin qurulmasından narahat olan qüvvələrin təxribatı idi. Hələ də Rusiya törədilən təxribatla bağlı yetərli üzrxahlıq və zərərçəkənlərə kompensasiya ödəməyib. Necə deyərlər, təyyarənin vurulması yarası sağalmamış Rusiya tərəfi Azərbaycana qarşı növbəti dost olmayan əməl törətdi. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Azər Badamov Həştərxan şəhərinə səfəri zamanı Moskvada hava limanında saxlanılıb və onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O, bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb. Azərbaycan təyyarəsinin vurulması ilə bağlı bir cavab gözlədiyi halda, qarşı tərəf bu kimi düşünülməmiş addımlar atır. Rusiyadakı qaranlıq dairələr heç də düşünməsinlər ki, Azərbaycan təyyarə qəzasını unudub, hər şey yaddan çıxıb. Təbii ki, belə düşünmək sadəlövhlük olardı. Azərbaycan hələ də təyyarənin vurulmasının əsl səbəbləri ilə bağlı məntiqli açıqlama, etiraf və kompensasiya gözləyir. Bu məsələ Azərbaycanın gündəliyində vacib mövzu kimi aktuallığını saxlayır.
"Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik"
Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub.
Məlum olduğu kimi, hər il Həştərxanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü qeyd edilir və Rusiya tərəfinin dəvəti ilə Azərbaycan nümayəndə heyəti həmin tədbirlərdə iştirak edir. Bu il də Azərbaycan parlamentindən və icra strukturlarından ibarət nümayəndə heyətinin səfəri zamanı öncədən heç bir xəbərdarlıq verilmədən Milli Məclisin deputatı Azər Badamov saxlanılıb və onun Rusiya ərazisinə girməsinə icazə verilməyib.
Beynəlxalq hüquq normalarına əsasən belə halla bağlı əvvəlcədə ölkələrin nümayəndə heyətlərinə məlumatlar verilir. Ən azı adları "qara siyahı"larda olan şəxslərin kimlikləri və daşıdıqları vəzifələrlə bağlı məlumatlar mətbuatda dərc olunur, xaric işlər nazirliklərin saytlarında yer alır. Azərbaycanda da belə hallar olur. Amma Azərbaycan bütün hallarda öncədən media vasitəsilə açıqlama yayır və ölkəyə girişinə qadağa qoyulan şəxs bunu öyrənib gəlmir.
Milli Məclisin deputatı Azər Badamovun Rusiyaya buraxılması ilə bağlı dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edilir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözlənilir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Milli Məclisin deputatı Azər Badamovun Rusiya Federasiyası ərazisinə buraxılmamasına münasibət bildirib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın suallarına cavablandırarkən danışıb. Onun sözlərinə görə, hadisə bu gün baş verib: "Milli Məclisin üzvü Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə təşkil olunub.
Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O, bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb.
Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik".
Diqqətçəkən məqam ondan ibarətdir ki, Rusiyadakı bəzi qüvvələri Azərbaycan Milli Məclisinin deputatı A.Badamova qarşı törətdiyi hörmətsizlik Rusiya patriarx Kirillin Azərbaycana səfəri, Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti ilə görüşündən sonra dərhal baş verir. Görüşdə dövlətimizin başçısı və hörmətli Mehriban xanım Əliyeva arasında səmimi dialoq oldu, pravoslav icmasına Azərbaycanda göstərilən qayğı və s. barədə danışıldı. Bütün bu xoş münasibət fonunda gözəgörünməz qüvvələr var ki, hər vəchlə ikitərəfli münasibətlərə xələl gətirməyə çalışır və qaşınmayan yerdən qan çıxartmağa cəhd göstərirlər.
Vladimir Putin komandasında qonşu dövlətlərlə gərginliyin yaşanmasını istəyən qüvvələr var
Söz yox ki, Rusiyanın Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Moskva aeroportunda saxlaması və ölkəyə girişinə qadağa qoyması Vladimir Putin komandasında qonşu dövlətlərlə əlaqələrdə gərginliyin yaşanmasını istəyən qüvvələrin olduğunu göstərir. Təəccüb doğuran məsələyə Rusiya tərəfinin əsaslı izahat verə bilməsi də Putin komandasında vahid birliyin, həm də siyasətin olmadığını göstərir. Belə demək mümkünsə Rusiya hakimiyyətində pulu və siyasi çəkisi ağır olanlar meydan sulayırlar. Onlar Rusiya-Ukrayna müharibəsinə görə, Vladimir Putinin düşünmək qabiliyyətini və prezident olaraq ölkəni idarəetməsini itirməsindən sui-istifadə edərək, istədikləri oyunu oynayırlar. Ümumiyyətlə Rusiyada yaşanan hadisələrə nəzər yetirdikdə məlum olur ki, Rusiyada MDB ölkələrinin vətandaşlarına münasibətdə diskriminasiya və rasizmə əsaslanan qərarlar qəbul edilir. Bu, Rusiyanın Mərkəzi Asiya ölkələrinə münasibətində özünü daha qabarıq nümayiş etdirilir. Özbəkistandan olan və Rusiyada çalışan miqrantlara qarşı təzyiqlər və təqiblər, Qırğızıstan vətəndaşları ilə bağlı insidentlər, Rusiya rəsmilərinin Qazaxıstanla bağlı məntiqə sığmayan açıqlamaları bu sıradandır. Yenə də Rusiyanın MDB ölkələri arasında Ermənistana qarşı fərqli dostluq yanaşması göstərir. Baxmayaraq ki, Ermənistan Rusiya ilə əlaqələri kəsməyə və Avropa ölkələri ilə münasibət qurmağa çalışır. Bu günlər Ermənistanın baş naziri N. Paşinyanın Avropa İttifaqı ilə münasibətlərin qurulması barədə çıxışı buna misal ola bilər. Eyni zamanda Paşinyanın Estoniyaya səfər zamanı ölkə rəhbərlərindən Ermənistanın Avropa İttifaqına üzv olmasını xahiş etməsi İrəvanın Rusiya ilə yenidən dost olmaq, münasibətlər qurmaq fikrində olmadığını göstərir. Rusiyadakı ermənipərəst dairələr isə Paşinyandan sonrakı dönəmi düşünərək, Ermənistanla Rusiya arasında əlaqələrin qorunub, saxlanılmasına çalışırlar. Bu baxımdan Rusiyada Ermənistan yeganə ölkədir ki, onun vətəndaşlarına, ermənilərə xüsusi diqqət və qayğı göstərilir, onların törətdiyi ən ağır əməllər ört-basdır edilir. Ancaq azərbaycanlılara qarşı təzyiq və təqiblər adi hala çevrilib. Milli Məclisin deputatı Azər Badamova qarşı olan hörmətsizlikdə məhz onun azərbaycanlı olması ilə bağlıdır. Sual yarana bilər ki, Azər Badamovun saxlanmasını şərtləndirən səbəb nədir? Araşdırmalarla məlum olur ki, son vaxtlar Rusiyada antiAzərbaycan ovqatı yenidən baş qaldırıb. Salavyov, Simonyan kimi TV aparıcıları, Zatulin, Duqin kimi ermənipərəst deputatlar Azərbaycanın regionda güclənməsindən ciddi qarın ağrısı keçirirlər. Çalışırlar ki, müxtəlif təxribatçı açıqlamalar, şər və böhtanlarla Azərbaycanın artan nüfuzuna xələl gətirsinlər. Bəzi hallarda bu rus şovinistlərin Azərbaycana yönəlik qərəzli yanaşmalarında bəzi Rusiyaya nökərçilik edən Nikolay Valuyev, Ramzan Kadırov kimi müsəlmanlar da iştirak edirlər. Hələ 2024-cü ilin sonlarında N.Valuyev "Rus Evi"nin Bakıda bağlanması ilə bağlı şərhində azərbaycanlıları "şobla-oblа" adlandıraraq, Rusiyadakı azərbaycanlı diaspor təşkilatlarının fəaliyyətinin yoxlanılmasını təklif etmişdi. Nikolay Valuyev Azərbaycan və azərbaycanlılar barədə təhqiramiz ifadələr işlədib, açıq şəkildə azərbaycanlıları "şobla" adlandıraraq, həm Rusiya azərbaycanlılarını, həm də ümumilikdə Azərbaycan xalqını alçaldan çıxış edib. Bu ifadə Azərbaycan ictimaiyyətində və siyasi dairələrində ciddi narazılıq doğurub. Azərbaycan Milli Məclisinin deputatı Azər Badamov bu açıqlamaya dərhal sərt reaksiya verərək N.Valuyevin bu sözlərini etnik nifrət və düşmənçilik yaymaq cəhdi kimi qiymətləndirib və onun kimi şəxsin Dövlət Duması deputatı olmasını Rusiya parlamentarizminə təhqir adlandırıb. Azər Badamov bildirmişdir ki, "Şobla"nın orta statistik nümayəndəsini bədii şəkildə təsvir etməyə çalışsaq, bu sözə elə ən çox Nikolay Valuyevin portreti uyğun gəlir: "Bu məxluqun antropoloji tipinə baxmaq kifayətdir ki, bu nadir eksponat tam inkişaf etməyərək Neandertalla Homo saphiens arasında bir yerdə ilişib qalıb. Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir".
Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin Azərbaycan xalqının ünvanına səsləndirdiyi təhqiramiz fikirlərinə qarşı Azər Badamovun mövqeyi onun bir vətəndaş və millət vəkili olaraq göstərdiyi mövqeyindən irəli gəlir.
Azər Badamovun açıqlamalarına baxılsa, burada hər hansı təhqir və s. bu kimi ifadələrə və münasibətə yol verilməyib. Bu da Valuyevin Azərbaycan xalqına qarşı səsləndirdiyi fikirlərin qəbuledilməzliyini ifadə etmək məqsədi güdüb. Nəzərə almaq lazımdır ki, Valuyevin fikirləri Rusiyanın özündə də rasional düşünən insanlar tərəfindən mənfi qarşılanmışdı.
Azərbaycan Xarici İşlər Nazirliyi Valuyevi "arzuolunmaz şəxs" elan edərək, onun ölkəyə girişinə qadağa qoyub. Ehtimal olunur ki, bunların cavabında Rusiya tərəfi də A.Badamovu "qara siyahı"ya salaraq, onun Rusiyaya girişinə qadağa qoyub. Bu səbəbdən, A.Badamov Moskva hava limanında saxlanılıb və Astarxana uçuşuna buraxılmayaraq, Azərbaycana geri göndərilib.
Söz yox ki, Milli Məclisin deputatı A.Badamovun Rusiyaya buraxılmaması Rusiya ilə Azərbaycan xalqları arasında münasibətlərin ruhuna ziddir. Əgər bu gün iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən danışılırsa, bu hal heç də başa düşülən deyil. Son olaraq, sual yaranır: Rusiya nə istəyir? Sərnişin təyyarəsinin raketlə vurulmasının aradınca ölkəmizə qarşı kiberhücumların (kiberhücum real faktlarla təsdiq olunub-red) təşkil edilməsi və daha sonra Milli Məclisin deputatı Azər Badamovun ölkəyə buraxılmaması ilə rəsmi Moskva nələrə nail olmaq istəyir? Yəni Rusiya özü üçün yeni düşmən axtarışındadır, yaxud qonşu dövlətlərlə münasibətlərə xələl gətirməyə çalışır? Rusiyanın hakim zümrəsi ağıllı şəkildə düşünsə, yəqin ki, Azərbaycanla problemlərin yaranması ilə çox şeydən məhrum ola biləcəyini anlamalıdır.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə