"Pezeşkianinin səfəri uğurlu nəticələrlə yaddaşlarda qaldı" - POLİTOLOQ ŞƏRH ETDİ

"İran prezidenti Məsud Pezeşkianinin Azərbaycana səfəri çox uğurlu nəticələrlə yaddaşlarda qaldı. Həm imzalanan sənədlər, həm keçirilmiş görüşlər və əldə olunan razılaşmalar Azərbaycan və İran arasındakı münasibətlərin inkişafına töhfə verir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanla İran arasında olan münasibətlər inkişaf dövrünün ən məhsuldar dövrünü yaşamaqdadır: "Baxmayaraq ki, bundan öncə çox ziddiyətli və gərgin münasibətlər iki ölkə arasında hiss olunurdu. Bütün bu siyasi problemlərin həll edilməsi üçün bu səfərin hesab edirəm ki, yaxşı nəticələri olacaqdır. Prezident cənab İlham Əliyev Xudafərinə səfəri zamanı Xudafərin körpüsünü dostluq körpüsü adlandırmışdı. İran ilə Azərbaycan arasında olan münasibətlərin dostluq telləri ilə möhkəmləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Biz bütün regionda olan dövlətlərlə dostluq və əməkdaşlıq müstəvisində münasibətlərin qurulmasının tərəfdarıyıq. O cümlədən də, İranla bu xüsusda siyasi, iqtisadi, ticari, humanitar, mədəni, enerji, nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi müstəsna əhəmiyyətə malikdir. Həm şimal-cənub nəqliyyat dəhlizi, eləcə də Şərqi Zəngəzurla Naxçıvan Muxtar Respublikası arasında əlaqəni təmin edəcək Araz dəhlizi, avtomobil və dəmir yolu komponentləri ilə bölgədə Azərbaycan İran nəqliyyat sahəsinə tərəfdaşlıqını gücləndirəcək. Digər tərəfdən isə bölgənin potensialından istifadə olunacaq və bu yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq. Həmçinin bölgədə təhlükəsizliyin möhkəmləndirilməsi, ticari-iqtisadi münasibətlər sistemində yeni dividentlərin əldə olunmasına gətirib çıxaracaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə