Britaniya parlamentinin Lordlar Palatasında Transxəzər əlaqələrinin artan əhəmiyyəti müzakirə olunub

Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Transxəzər konnektivliyi, enerji təhlükəsizliyi və strateji minerallar” mövzusunda yüksəksəviyyəli tədbir keçirilib. SİA xəbər verir ki, Xəzər Siyasət Mərkəzi tərəfindən təşkil olunan tədbirdə region ölkələrinin Britaniyadakı diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları ilə yanaşı, Böyük Britaniya parlamentinin hər iki palatasının üzvləri, region üzrə beynəlxalq ekspertlər və media nümayəndələri iştirak ediblər.

Tədbirə ev sahibliyi edən Lordlar Palatasının üzvü Lord David Evans bildirib ki, Transxəzər bölgəsi müasir İpək Yolu kimi geosiyasi və iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Xəzərətrafı ölkələrin birgə əməkdaşlığı nəticəsində bu bölgə Avropa ilə Çin arasında ikitərəfli ticarətin strateji halqasına çevrilə bilər. O, Azərbaycanın regionda etibarlı tərəfdaş olduğunu, həmçinin regionun mühüm mineral resurslarla zəngin olduğunu vurğulayıb.

Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti bildirib ki, Transxəzər bölgəsində ciddi diplomatik fəallıq müşahidə olunur: “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında COP29 zamanı alternativ enerji üzrə əməkdaşlıq müqaviləsi imzalandı, Gürcüstan vasitəsilə Avropaya elektrik ötürməsi və Qara dənizin altından çəkilməsi planlaşdırılan “sualtı kabel” bu baxımdan diqqətçəkicidir”,- deyə o qeyd edib.

Əfqan Nifti bildirib ki, Birləşmiş Krallıq regionda artıq iqtisadi əlaqələrə malikdir və daha dərin əməkdaşlıq imkanları mövcuddur.

Xəzər Siyasət Mərkəzinin tədqiqat direktoru Erik Rudenshiold isə çıxışında bölgədə “müasir kəşf dövrü”nün başladığını bildirib: “Son üç ildə Orta Dəhliz, yəni Transxəzər nəqliyyat marşrutu – sıfırdan yaradıldı. Bu gün Yaponiya “Maersk” şirkəti ilə Asiyadan Avropaya mal göndərir. Bu, artıq reallıqdır. Bölgə yeni infrastruktur və enerji resursları ilə gələcəyin açarı ola bilər”.

Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov xüsusən son dövrlərdə region ölkələri arasındakı əməkdaşlıq təşəbbüslərindən söz açaraq konnektivliyin regionun özündən qaynaqlanmasının təqdirəlayiq olduğunu vurğulayıb. Ermənistanla Azərbaycan arasında normallaşma istiqamətində əldə olunan müsbət nəticələrdən də danışan E.Süleymanov burada birbaşa danışıqların roluna diqqət çəkib və ümumilikdə region ölkələrinin öz məsələlərini özlərinin həll etmək iqtidarında olduğunu qeyd edib. Buna misal kimi səfir bir neçə gün öncə Gürcüstanın ev sahibliyi ilə Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirlərinin müavinlərinin görüşünün keçirilməsinə diqqət çəkib.

Səfir Süleymanov bir-biri ilə coğrafi, mədəni, iqtisadi bağlı olan transXəzər bölgəsinə ümumi yanaşma tətbiq olunmasının zəruriliyini vurğulayaraq bildirib ki regionla bağlı Azərbaycan, Türkiyə və Gürcüstanın rolunu nəzərə almayan layihələr uğurlu ola bilməz. Diplomat nümunə kimi təkcə coğrafi baxımdan Avropadan Mərkəzi Asiyaya yolun Azərbaycandan keçdiyini deyib.

Səfir qeyd edib ki, Britaniya Azərbaycan və Türkiyə ilə birlikdə Orta Dəhlizin strateji rolunun daha da artırılmasını təşviq edə bilər.

Türkiyənin Böyük Britaniyadakı səfiri Osman Koray Ertaş qeyd edib ki, region artıq Qərbin diqqət mərkəzindədir: “Türkiyə uzun illərdir Transxəzər dəhlizinin reallaşması üçün çalışır. Artıq bu layihələrin gerçəkləşməsi üçün əlverişli geopolitik şərait formalaşıb. Yeni qaz təchizatı sazişi və infrastruktur təşəbbüsləri buna sübutdur”,- deyə səfir bildirib.

Tədbirdə çıxış edən Özbəkistan səfiri Ravşan Usmanov və Qazaxıstan səfirliyinin nümayəndəsi regionun əməkdaşlığa açıq olduğunu vurğulayıb, Gürcüstan səfirliyinin nümayəndəsi ölkəsinin Transxəzər dəhlizi üzrə müzakirə və təmaslara sadiqliyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə