Azərbaycan enerji təhlükəsizliyi təminatında qlobal tərəfdaş kimi mövqeyini möhkəmləndirir
Müasir dövrdə enerji təhlükəsizliyi və dayanıqlı enerji mənbələrinə keçid məsələləri qlobal gündəmin əsas prioritetlərindən birinə çevrilmişdir. Bu kontekstdə Azərbaycanın geostrateji mövqeyi və enerji resursları, xüsusilə də Avropanın enerji təchizatında etibarlı tərəfdaş kimi rolu daha da aktuallaşır. Cari ilin 4 aprel tarixində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclası enerji əməkdaşlığının gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mötəbər tədbirdəki çıxışı yalnız regionun deyil, o cümlədən Avropanın enerji təhlükəsizliyi, yaşıl enerji keçidi və transsərhəd əməkdaşlıq istiqamətlərindəki strateji baxışını və ölkənin prioritetlərini nümayiş etdirmişdir. Dövlət başçısının vurğuladığı məqamlar, bir tərəfdən Azərbaycanın mövcud qaz infrastrukturunun inkişafı və genişləndirilməsi istiqamətindəki konkret addımlarını ortaya qoyarkən, digər tərəfdən bərpaolunan enerji sahəsində reallaşdırılan layihələrə və qarşıya qoyulan hədəflərə dair aydın mesajlar vermişdir.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası artıq 11-ci dəfə Bakıda toplaşır. Bu təşəbbüs Azərbaycan tərəfindən irəli sürülmüş və Avropa Komissiyası tərəfindən dəstəklənmişdir. Dövlət başçısının sözlərinə görə, bu platforma qlobal enerji təhlükəsizliyi məsələlərinin həllində və beynəlxalq əməkdaşlığın əlaqələndirilməsində mühüm rol oynayır.
Prezident bildirdi ki, enerji təhlükəsizliyi bu gün hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilib. Enerji təhlükəsizliyini təmin etmək üçün istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında balanslı və məsuliyyətli əməkdaşlıq vacibdir:
“Bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə bizim hekayəmizi uğura çevirdi.”
Eyni zamanda, dövlət başçısı vurğuladı ki, sənayenin inkişafı üçün enerji resursları və kimya məhsulları da vacib rol oynayır və Azərbaycan bu baxımdan güclü ixracatçıdır.
Çıxış zamanı Prezident İlham Əliyev Azərbaycanın uzun illər ərzində enerji sahəsində etibarlı tərəfdaş olduğunu xüsusi qeyd etdi.
Dövlət başçısı bildirdi ki, hazırda Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır, onların 10-u Avropa ölkəsi, o cümlədən 8-i Avropa İttifaqının üzvüdür. Son bir il ərzində əlavə 5 ölkə Azərbaycanın təbii qaz alıcısına çevrilib.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropada qazpaylayıcı infrastrukturun qurulması və inkişaf etdirilməsində də mühüm rol oynadığını qeyd etdi. Yeni layihələr çərçivəsində ölkəmiz yalnız enerji ixracatçısı kimi deyil, həm də infrastruktur qurucusu və maliyyə tərəfdaşı kimi də ön plandadır.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu gün artıq 3500 kilometrlik inteqrasiya olunmuş Cənub Qaz Dəhlizi infrastrukturu tam gücü ilə işləyir və bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyaya çevrilib. Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP bu sistemin ayrılmaz hissələri kimi Azərbaycanın təşəbbüsü və beynəlxalq tərəfdaşlığın məhsulu olaraq uğurla fəaliyyət göstərir.
O qeyd etdi ki, bu uğurun davamlı olması üçün mövcud qaz boru kəməri sisteminin gələcəkdə genişləndirilməsi zəruridir. Bunun üçün isə beynəlxalq maliyyə qurumlarının dəstəyi və yeni sərmayələr önəm kəsb edir.
Cənab Prezident çıxışında beynəlxalq maliyyə institutlarının “faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq” siyasətinə toxunaraq, bunun enerji təhlükəsizliyi üçün təhlükəli nəticələr doğura biləcəyini bildirdi. Azərbaycan Prezidenti maliyyə qurumlarını daha çevik və mövcud geosiyasi reallıqlara uyğun qərarlar verməyə çağırdı.
Çıxışda vurğulandı ki, Azərbaycanın böyük təcrübəyə malik olduğu nəhəng hasilat və nəqletmə layihələri — AÇG, “Şahdəniz”, “Abşeron” və digər yataqlar sayəsində bu gün bir çox ölkələrin enerji təhlükəsizliyi təmin olunur. Eyni zamanda qeyd edildi ki, yaxın bir neçə ildə daha bir çox yataqların istismarına başlanılacaq, müvafiq müqavilələr artıq imzalanıb, proqramlar təsdiqlənib.
Bütün bu layihələr korporativ maliyyələşmə və tərəfdaşlarla birgə əməkdaşlıq sayəsində həyata keçirilib.
Prezident İlham Əliyev COP29 tədbiri çərçivəsində verdiyi mesajı da xatırlatdı. O bildirdi ki, faydalı qazıntılar və bərpaolunan enerji mənbələri bir-birinə alternativ deyil, tamamlayıcı olmalıdır.
Prezident çıxışında vurğuladı ki, enerji layihələrinə böyük maliyyə yatırımları tələb olunur və bu investisiyaların geriyə dönüşü illərlə çəkir. O qeyd etdi ki, Cənub Qaz Dəhlizinə yatırılmış vəsaitlər hələ özünü tam olaraq doğrultmayıb və sərmayənin geri qayıtması vaxt alır.
Prezident İlham Əliyev iclasda çıxışı zamanı bildirib ki, bu il “Azəri-Çıraq-Günəşli” Dərin Qaz Strukturunda hasilatın başlanması gözlənilir. Eyni zamanda “Abşeron” yatağında hasilatın artırılması üzrə razılaşmanın son mərhələdə olduqlarını qeyd edib.
Azərbaycanın 2022-ci ildə Avropa Komissiyası ilə imzaladığı energetika üzrə strateji tərəfdaşlıq memorandumu nəticəsində, Avropaya qaz ixracı 2021-ci illə müqayisədə təxminən 60 faiz artaraq 13 milyard kubmetrə çatıb. Dövlət başçısı bildirib ki, bu göstərici ümumi 25 milyard kubmetrlik qaz ixracatının yarısından çoxunu təşkil edir.
Azərbaycan yaşıl enerji sahəsində də ciddi addımlar atmaqdadır. Prezidentin sözlərinə görə, 2023–2030-cu illər üçün imzalanan müqavilələr nəticəsində 6 giqavat gücündə günəş və külək enerjisi istehsalı planlaşdırılır. Bu isə daxili bazarda təbii qaza qənaət edərək həmin qazın ixracını artırmağa imkan yaradacaq.
Şərqi Zəngəzur və Qarabağda artıq 270 meqavatlıq hidroelektrik stansiyalar istismara verilib və bu güc 500 meqavata qədər artırılacaq. Ümumilikdə, 2030-cu ilə qədər Azərbaycanın bərpaolunan enerji potensialı 6,5 giqavata çatacaq.
Yaşıl Enerji Məşvərət Şurasının iclasında Azərbaycan-Avropa “yaşıl kabel” layihəsi də diqqət mərkəzində olub. Layihənin texniki əsaslandırma mərhələsi yekunlaşmaq üzrədir və yaxın gələcəkdə maliyyələşmə danışıqlarına başlanması planlaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuralarının nazirlər səviyyəsində keçirilmiş iclasında etdiyi çıxış, ölkəmizin enerji siyasətinin strateji əsaslarını və gələcəyə yönəlmiş baxışını bir daha nümayiş etdirmişdir. Həm enerji təhlükəsizliyinin təmin olunması, həm də yaşıl keçid prosesinin sürətləndirilməsi istiqamətində vurğulanan əsas mesajlar təkcə regional deyil, həm də qlobal əhəmiyyət daşıyır.
Azərbaycan, etibarlı enerji tərəfdaşı statusunu qorumaqla yanaşı, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi və ixrac imkanlarının genişləndirilməsi sahəsində də konkret addımlar atmaqdadır. Bu isə ölkənin enerji diplomatiyasının çoxşaxəli və davamlı inkişaf modelinə əsaslandığını göstərir. Dövlət başçısının çıxışı, eyni zamanda beynəlxalq əməkdaşlığın, siyasi iradənin və texnoloji transformasiyanın birgə vəhdətinin vacibliyinə diqqət çəkərək, enerji sahəsində yeni mərhələnin konturlarını müəyyən etmişdir.
Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Bütün xəbərlər Facebook səhifəmizdə