Azərbaycan-Aİ əməkdaşlığının perspektivləri müzakirə olunub

Aprelin 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin iqtisadi və qlobal məsələlər üzrə Baş Katibinin müavini Saymon Mordu və Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri, habelə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan və Aİ arasında iqtisadi, ticarət, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar və sair istiqamətlər üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Xüsusilə, energetika sahəsində ölkəmizin təşəbbüsü ilə icra olunan nəhəng layihələrin Avropanın enerji təchizatı və təhlükəsizliyində mühüm rol oynadığı diqqətə çatdırılıb, ənənəvi enerji mənbələri üzrə əməkdaşlığın alternativ enerji sahəsində də davam etdirilməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumat verib, ölkəmiz tərəfindən işğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa və quruculuq işlərinin, habelə humanitar minatəmizləmə fəaliyyətinin aparıldığını diqqətə çatdırıb.

Avropa İttifaqı ilə minatəmizləmə və itkin düşmüş şəxslərin aqibətinin müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub.

Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmiz əleyhinə ərazi iddialarının davam etdirilməsinin, habelə bu ölkənin sürətli silahlanmasının sülh gündəliyinin irəlilədilməsinə təhdid törətdiyi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə