Azərbaycan icmasının nümayəndələri niderlandlı parlamentarilərlə görüşüblər - FOTOLAR
Niderlandda yaşayan Azərbaycan İcmasının nümayəndələri bu ölkədə fəaliyyət göstərən “Ana Vətən Avropa Azərbaycanlı Qadınları” Assosiasiyasının təşəbbüsü ilə yerli parlamentarilərlə görüşüblər. SİA xəbər verir ki, görüşdə Xocalı soyqırımı ilə bağlı bəyanat parlament üzvlərinə təqdim edilib. Niderlandlı parlamentarilər Stefan van Baarle, Jesse Klaver, Martin Oostenbrink, İsa Kahraman, Erik van der Burqa Xocalı soyqırımı haqqında məlumat verilib.
Xocalıdan olan Ayxan Sadıxov 1992-ci il fevralın 26-da törədilmiş bu qətliam zamanı həyatlarını itirmiş və itkin düşmüş qohumları haqqında danışıb. O, Xocalıda taleyi hələ də naməlum qalan soydaşlarımızın axtarışlarının davam etdiyini vurğulayıb. Bildirib ki, Xocalıda hələ də minaların mövcudluğu və erməni tərəfinin minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi səbəbindən kütləvi məzarlıqların tapılması çətinləşir. Xocalı sakinləri illərdir yaxınlarının tapılması ümidi ilə yaşayırlar. Bu məqsədlə Xocalı soyqırımının qurbanlarına aid olması ehtimal edilən qalıqların müəyyənləşdirilməsi üçün genetik analizlər aparılır.
Həmçinin Xocalı soyqırımı ilə bağlı məlumatların Niderland parlamentində daha geniş şəkildə yayılmasının vacibliyi vurğulanıb. Azərbaycanın ədalətsiz şəkildə tənqid edildiyi və ölkəmizin əleyhinə verilən bəzi qərarların əsassız olduğu niderlandlı parlamentarilərin diqqətinə çatdırılıb. Niderlandın səsləndirdiyi erməni əsirlərin azad edilməsi məsələsinin heç bir hüquqi əsası olmadığı da vurğulanıb. Bildirilib ki, bu şəxslər Birinci və İkinci Qarabağ müharibələrinin təşkilatçıları olmaqla yanaşı, Xocalı soyqırımının törədilməsində birbaşa iştirak etmiş şəxslərdir.
Qeyd edilib ki, Azərbaycan daim sülh tərəfdarı olub. Regionda əmin-amanlığın və davamlı sabitliyin bərqərar edilməsi ölkəmizin əsas prioritetlərindəndir.
Niderlandlı parlamentarilərə Xocalı soyqırımı haqqında sənədlər, materiallar və kitablar təqdim edilib.
“Ana Vətən Avropa Azərbaycanlı Qadınları” Assosiasiyasının sədri Mayisə Ağamirzəyeva erməni əsirliyində ağır işgəncələrə məruz qalmış Xocalı sakini Dürdanə Ağayevanın başına gətirilənləri və bu mövzuda qələmə aldığı kitabı parlamentarilərə təqdim edib.
Xocalı soyqırımı ilə bağlı kitabların tərcüməçisi Henri van Rens çıxışında Xocalı soyqırımının hələ də Niderland Krallığı tərəfindən rəsmi şəkildə tanınmadığını, bu cür haqsız və qərəzli mövqeyin dərin təəssüf doğurduğunu bildirib.
Niderlandlı deputatlar çıxışlardan və təqdim olunan faktlardan çox təsirləndiklərini qeyd ediblər. Görüşün sonunda Haaqada yerləşən Xocalı soyqırımı abidəsi ziyarət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə