Martın 14-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iclası açan Sahibə Qafarova əvvəlcə martın 10-11-də Milli Məclisin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri barədə qısa məlumat verib.
Sonra Milli Məclisin sədri bugünkü iclasın gündəliyində bir məsələnin - Nazirlər Kabinetinin ötən ildəki fəaliyyəti barədə hesabatının olduğunu deyib.
Bildirilib ki, ötən il Milli Məclisdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı irəli sürülmüş təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb və deputatlara bu təkliflərin icra vəziyyətinə dair ətraflı məlumat təqdim edilib.
Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edib.
Baş nazir qeyd edib ki, 2024-cü il Azərbaycanın müasir tarixinə əlamətdar siyasi hadisələrin baş verdiyi, möhtəşəm nailiyyətlərin əldə edildiyi il kimi yazılıb. Belə ki, ötən il Vətənimizin müstəqillik tarixində ilk dəfə olaraq bütün suveren ərazimizdə növbədənkənar prezident və növbədənkənar parlament seçkiləri keçirilib.
Diqqətə çatdırılıb ki, COP29-un Bakıda keçirilməsi, Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilməsi ötən ilin ən yaddaqalan hadisələrindən olub.
2024-cü ilin iqtisadi inkişaf baxımından uğurlu il olduğunu deyən Əli Əsədov bildirib ki, hesabat ilində ölkədə 126,3 milyard manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. ÜDM istehsalı neft-qaz sektorunda 0,3 faiz, qeyri-neft-qaz sektorunda 6,2 faiz, qeyri-neft-qaz sənayesində isə 7,3 faiz artıb, əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artaraq 12,4 min manat təşkil edib. Ötən il ölkənin xarici ticarət dövriyyəsi 47.4 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 5,3 milyard dollar olub, qeyri-neft ixracı 3,3 milyard dolları üstələyib, strateji valyuta ehtiyatları 2,5 milyard dollar artaraq 71 milyard dollar təşkil edib. İlin sonuna xarici dövlət borcunun məbləği 20,6 faiz azalaraq 5,1 milyard dollar olub. İllik inflyasiya hədəf diapazonu daxilində olub – 12 aylıq inflyasiya 4,9 faiz, orta illik inflyasiya isə 2,2 faiz olub.
Baş nazir 2024-cü ildə dövlət büdcəsi gəlirlərinintəxminən 37.2 milyard manat, xərclərinin isə 37,7 milyard manat təşkil etdiyini söyləyib.
O, ötən il əhalinin sosial müdafiəsinin gücləndirilməsiməqsədilə dövlət büdcəsi xərclərinin 39 faizinin və ya 14,6 milyard manatının sosialyönümlü xərclərin maliyyələşdirilməsinə istiqamətləndirildiyini bildirib. Orta pensiya məbləğinin 12 faiz, yaşa görə pensiyanın 11,3 faiz artdığını, yaşayış minimumunun ölkə üzrə 270 manat müəyyən edildiyini, bir ailəyə düşən sosial yardımın orta aylıq məbləğinin 475 manat olduğunu qeyd edib. Ümumiyyətlə, son bir neçə il ərzində 4 sosial paketin həyata keçirildiyini və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsaitin xərcləndiyini deyib.
Baş nazir Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdiyi diqqət və qayğının nəticəsi olaraq ötən il 800 mənzilin şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verildiyini, 93 avtomobilin müharibə əlillərinə təqdim edildiyini vurğulayıb. Həmçinin, hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 milyon manat vəsait ayrıldığını, əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 100 milyon manat vəsait ayrıldığını deyib.
Bildirilib ki, hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon manat vəsait ayrılıb. Hökumət tərəfindən qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir.
Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 550 milyon manat vəsait ayrılıb. Ötən il investisiya xərcləri hesabına 57 təhsil müəssisəsində tikinti işləri aparılıb.İşğaldan azad olunmuş ərazilərdə ilk ali təhsil müəssisəsi - Qarabağ Universiteti fəaliyyətə başlayıb.
Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və qiymətlərin stabil saxlanılması məqsədilə müvafiq dəstək tədbirləri həyata keçirilib. Belə ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487,4 milyon manat vəsait ayrılıb. Su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyə təminatına 540 milyon manat vəsait yönəldilib.
Əli Əsədov diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir. Hesabat ilinin sonunadək bu ərazilərdə 10,2 mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib. Bununla yanaşı, keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 milyon manat yönəldilib. Qeyd olunub ki, ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17,6 milyard manat, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat vəsait ayrılıb.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan ərazisində kənd təsərrüfatı məhsulları istehsalı və emalının inkişafı, elektrik enerjisi istehsalının, ticarətin və sənayenin inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması, nəqliyyat-tranzit potensialının artırılması istiqamətində layihələr həyata keçirilib.
Bildirilib ki, 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılıb. Ötən il işğaldan azad olunmuş ərazilərdə 62 min hektar, ümumilikdə isə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.
Baş nazir vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasəti nəticəsində son illərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib. O, 2024-cü ildə enerji istehsalının 28,4 milyard kVts təşkil etdiyini, istehlak həcminin isə 24,2 milyard. kVts-ayüksəldiyini söyləyib. Qeyd edilib ki, COP29 çərçivəsində Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi yaradılıb və enerji sahəsində həyata keçirilənlayihələr üzrə beynəlxalq sazişlər imzalanıb.
Bildirilib ki, Hökumət qarşısında mühüm vəzifələrdən biri də Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının ixrac coğrafiyasının genişləndirilməsidir və hazırda bu kəmər vasitəsilə qazımızı alan ölkələrin sayı 12-yə bərabərdir. Hesabat ili ərzində 29,1 milyon ton neft, 50,6 milyard kubmetr qaz hasil edilib. Neftin 24,4 milyon tonu, qazın isə 25,5 milyard kubmetri ixrac edilib.
2024-cü ildə, həmçinin Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin və tranzit potensialının artırılması üçün bir çox layihələr reallaşdırılıb. Nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 milyon ton təşkil edib. Bakı-Tbilisi-Qars xətti 2024-cü ilin may ayında tamamlanaraq istismara verilib, xəttin illik yükaşırma həcmi 1 milypn tondan 5 milyon tona çatdırılıb. Ötən il ölkədə avtomobil və dəmir yollarının, həmçinin yol infrastrukturununtikintisi, yenidən qurulması və bərpası davam etdirilib.
Əli Əsədov ötən il Hökumətin hesabatı təqdim edildikdənsonra ümumilikdə deputatlar tərəfindən müxtəlif məsələlər üzrə 151 müraciətin daxil olduğunu, bunlardan 34-nünhumanitar, 31-nin iqtisadi, 23-nün sosial, 22-nin nəqliyyat və yol infrastrukturu, 15-nin tikinti, 14-nün kommunal, 5-ninqanunvericilik, 4-nün təhlükəsizlik, 3-nün isə digər sahələri əhatə etdiyini söyləyib. O qeyd edib ki, 57 müraciət üzrə qaldırılan məsələlər tam, 48 müraciət üzrə isə qismən icra edilib və yaxın zamanlarda icranın başa çatdırılması nəzərdə tutulub, digər 46 məsələnin icrası istiqamətində işlər hazırda davam etdirilir.
Sonra iclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı ətrafında müzakirələr aparılıb.
Hökumətin 2024-cü ildəki fəaliyyətini qənaətbəxş hesab edən deputatlar bildiriblər ki, əhalinin sosial rifahı yaxşılaşdırılıb, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilib, dövlət sosial proqramları, regionların inkişafı ilə bağlı tədbirlər uğurla icra olunub.
Deputatlar, həmçinin seçicilərin üzləşdikləri bəzi problemləri hökumət üzvlərinin diqqətinə çatdırıb, bir sıra aktual məsələlərə toxunub, təkliflərini səsləndiriblər.
İclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı nəzərə alınıb.
Sonra Baş nazir Əli Əsədov çıxış edərək, son dövrlərdə hökumətin Milli Məclislə konstruktiv əməkdaşlıq etdiyini, bir çox məsələlərin həllində ümumi məxrəcə gəlindiyini bildirib. Baş nazir qarşıda yeni hədəflərin, həllini gözləyən məsələlərin olduğunu söyləyib. Səsləndirilən fikirlərə münasibət bildirən Baş nazir müzakirələrdə qaldırılan məsələlərin diqqətdə saxlanılacağını, onların həlli istiqamətində lazımi addımların atılacağını bildirib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə