"ABŞ-Rusiyanın münasibətləri normallaşarsa,..." - ŞƏRH EDİLDİ

"Rusiya və ABŞ nümayəndələri Səudiyyə Ərəbistanında keçirilən görüşdə Ukraynadakı müharibəni dayandırmaq, diplomatik və iqtisadi əlaqələri yaxşılaşdırmaq üçün işə başlamaq barədə razılığa gəldilər. Aparılan müzakirələr, proseslərin gedişatı qənaətbəxş olarsa, qısa müddətdə Donald Tramp və Vladimir Putin arasında təkbətək görüş də təşkil edilə bilər. Bu baş verərsə, təkcə Ukrayna barədə yox, ikitərəfli münasibətlər, həmçinin müxtəlif regionlarla bağlı geniş məsələlər də müzakirə olunacaq". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.
Onun sözlərinə görə, Donald Trampın seçki kampaniyası zamanı verdiyi iddialı siyasi vədlərə baxmayaraq, ABŞ-ın Qafqazla bağlı siyasəti hələ də tam aydın deyil. Diqqətçəkən məqam isə 2020-ci ildəki İkinci Qarabağ müharibəsində ABŞ-ın susqun qalması Donald Trampın birinci administrasiyasının Qafqaza iqtisadi və strateji maraqsızlığını əks etdirirdi. Amma hazırda Cənubi Qafqazda geosiyasi əsaslar xeyli dəyişib. Rusiyanın bölgədəki təsiri azalarkən, Türkiyə və Çin kimi digər aktorlar öz mövqelərini genişləndirməsi fonunda Tramp hökuməti Cənubi Qafqazı görməzlikdən gələ bilməz.

ABŞ-Rusiya müzakirələri Cənubi Qafqaza, xüsusən də Ermənistana təsir edəcək dəyişikliklər yarada bilər. Ermənistanın Bayden dövründə Qərblə və ABŞ-la isti münasibəti hələ ki, Tramp hökuməti ilə müşahidə edilmir. Bəllidir ki, Ermənistanın Qərbə meyillənməsi üçün ABŞ-ın da dəstəyi vacibdir. Buna görə də yəqin ki, Tramp- Putin görüşündə Ermənistandakı payların bölüşdürülməsi də həyata keçiriləcək. ABŞ və Rusiyanın münasibətləri normallaşarsa, Amerikanın Cənubi Qafqazda iştirakı azala bilər. Əksinə, ABŞ-Rusiya münasibətlərinin əvvəlki kimi kəskinləşməsi Vaşinqtonun regionda daha çox iştirakına gətirib çıxara bilər. Biz bunu Cozef Baydenin dövründə müşahidə etmişdik. Cənubi Qafqazın əhəmiyyətini artıran əsas məqamlar isə son illərdə Rusiyanın regionda hökmranlığının zəifləməsi və Cənubi Qafqazdan keçən tranzit marşrutlarının artan geosiyasi əhəmiyyətidir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə