Xocalı soyqırımı İtaliyanın Deputatlar Palatasında qeyd edilib

İtaliyalı parlamentarilər Xocalı soyqırımı ilə bağlı dezinformasiyanın artıq qəbuledilməz olduğunu vurğulayıblar

İtaliyanın Deputatlar Palatasında Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar konfrans keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Xocalı 33 il sonra. Qayıdış zamanı barışıq üçün ədalət” mövzusunda konfrans Deputatlar Palatasının Xarici işlər və icma əlaqələri komitəsinin üzvü Naike Qruppioninin təşəbbüsü ilə təşkil olunub.

Konfransda çıxış edən N.Qruppioni Xocalıda 33 il əvvəl baş vermiş hadisələrdən danışıb, oxşar faciələrin bir daha təkrarlanmaması, daha ədalətli dünyanın qurulması üçün onlardan danışmağın nə dərəcədə vacib olduğunu vurğulayıb. O, artıq həmin ərazilərin işğaldan azad olunduğunu və davamlı sülhə nail olmağın mümkünlüyünü qeyd edib.

İclasın moderatoru İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri, professor Antonio Stanqo Xocalının anım mərasiminin illərdir keçirildiyini xatırladıb, lakin bunun getdikcə daha müsbət, effektiv barışıq perspektivi ilə baş verdiyini deyib.

İtaliya Senatında Avropa İttifaqı siyasəti komitəsinin sədri, senator Ciuliomaria Terzi Di Sant’Aqata Xocalı qətliamının tarixi haqqında danışıb, soyqırımı ilə bağlı dezinformasiyanın artıq qəbuledilməz olduğunu vurğulayıb. O, eyni zamanda, bu faciəyə baxmayaraq, Azərbaycanın necə böyük nüfuz qazana bildiyini, həmçinin ötən ilin sonunda COP29-a uğurla ev sahibliyi etdiyini və konfransın müsbət nəticələrini misal çəkib. Senator vurğulayıb ki, beynəlxalq ədalət beynəlxalq təhlükəsizlik üçün əsas şərtdir və Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarı ilə Xocalının mülki əhalisinin qətliamını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.

İtaliyanın “Artcloud Network International” şirkətinin kreativ direktoru Fabrisio Konti son 5 ildir mütəmadi qaydada Azərbaycana səfər etdiyini deyib, Qarabağ və Xocalıda müşahidə etdiklərindən, sağ qalanların, işğaldan azad edilmiş ərazilərdə yaşamağa qayıdanların ifadələrindən, Qarabağda “Yaddaş muzeyi”nin inşa edilməsindən, Əsgəran qalasının bərpa olunmasından və bunun kimi bir sıra fərqli layihələrdən söhbət açıb.

Daha sonra Senatın Avropa İttifaqı siyasəti komitəsinin katibi, senator Marko Skurria söz alaraq kimlik mövzusunun dəyərinə və torpaqlarını tərk etməli olanların ağrılarına istinad edərək, tarixdəki faciələrin silinərək süni tarixin qurulmasının mümkünsüzlüyündən danışıb, müxtəlif institutların bu cür tədbirlərdə iştirak etməli olduğunu qeyd edib.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı qətliamı ilə bağlı faktları bir daha vurğulayaraq, bunun beynəlxalq hüquq müstəvisində soyqırımı və insanlıq əleyhinə cinayət olduğunu qeyd edib. Səfir Ermənistanın keçmiş prezidenti və digər rəsmilərinin Xocalıda törətdikləri soyqırımını etiraf etdiyini, bu qanlı cinayətin icraçılarının bəzilərinin bu gün Azərbaycanda müttəhimlər kürsüsündə mühakimə olduğunu qeyd edib. O, məsuliyyətin nə qədər mühüm və cəzasızlığın nə dərəcədə məqbul olmadığına diqqət çəkərək, bunun yeni cinayətlərə yol aça biləcəyini bildirib və bu məqsədlə qətliamı pisləməkdə beynəlxalq ictimaiyyətin həmrəyliyinin vacibliyini vurğulayıb.

Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət” kampaniyasından danışaraq bütün dünyanın bu cür hadisələrin bir daha təkrarlanmaması üçün birgə çalışmalı olduğunu xüsusilə qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Xocalıda yenidənqurma və bərpa işlərinin aparıldı və insanların 33 ildən sonra firəvan yaşamaq üçün yurdlarına geri dönməyə başladığı vurğulanıb.

Daha sonra “Artcloud Network International” şirkəti tərəfindən hazırlanmış Xocalı soyqırımının acı nəticələri və hazırda oraya həyatın qayıtdığını ehtiva edən videoçarx nümayiş olunub. Konfrans İtaliyanın Deputatlar Palatasının sosial media platformalarından canlı yayımlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə