Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar İranda “Xocalı soyqırımı – Qalib Azərbaycanın unudulmayan yaddaşı” adlı anım mərasimi keçirilib.
SİA-nın məlumatına görə, Azərbaycanın İrandakı səfirliyindən bildiriblər ki, səfirlikdə keçirilən tədbirdə Türkiyənin bu ölkədəki səfiri və səfirliyin əməkdaşları, İranda yaşayan Azərbaycan vətəndaşları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və “Sizi qınamıram ay xocalılılar” şeirinin səsləndirilməsi ilə başlayan mərasimdə, həmçinin soyqırımına dair qısametrajlı film nümayiş olunub. Tədbirdə faciənin nəticələrinə diqqət çəkilib, bu qətliamın insanlıq əleyhinə törədilmiş cinayət olduğu vurğulanıb.
Türkiyənin İrandakı səfiri Hicabi Kırlangıç çıxış edərək Xocalı qətliamının xüsusi amansızlıqla törədilmiş və müasir dövrdə bütün faktlarla sübuta yetirilmiş soyqırımı aktı olduğunu, lakin bir sıra ölkələrin insanlıq əleyhinə cinayətlərə ikili standartlardan yanaşmasının qətliamın səbəbkarlarının cəzasız qalmasına gətirib çıxardığını bildirib. Səfir iki qardaş ölkə olan Azərbaycanla Türkiyənin kədərli və sevincli günlərdə hər zaman yan-yana dayandığını vurğulayaraq, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini ölkəsinin də böyük sevinclə qarşıladığını, Xocalı soyqırımının unudulmadığını və şəhidlərin, o cümlədən bu faciənin qurbanlarının anıldığını diqqətə çatdırıb.
Anım mərasimində çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə dünya tarixində dinc əhalinin amansız kütləvi qətli ilə dərin iz qoymuş Xocalı soyqırımının yaddaşlardan silinmədiyini vurğulayıb. Səfir Ulu Öndər Heydər Əliyevin “Xocalı qətliamı erməni şovinist və millətçilərinin tarix boyu azərbaycanlılara qarşı 200 il ərzində törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin davamıdır” sözlərinə diqqət çəkərək, Ermənistan silahlı qüvvələrinin dinc insanların qətli ilə yanaşı, işğal dövründə Azərbaycanın Qarabağ və ətraf bölgələrində azərbaycanlılara aid mədəni, dini abidələri, məscid və ziyarətgahları da yerlə-yeksən etdiyini, bunun xüsusi məqsədlə həyata keçirildiyini vurğulayıb. Əli Əlizadə 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini İran xalqının da sevinclə qarşıladığını vurğulayaraq, Xocalının artıq azad olduğunu, 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən orada Azərbaycan Bayrağının qaldırıldığını və ötən il Xocalı Soyqırımı Memorial Kompleksinin təməlinin qoyulduğunu diqqətə çatdırıb.
Diplomat deyib ki, şəhidlərimizin xatirəsi yaddaşlarda əbədi yaşayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə