Van bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Türkiyənin Daxili İşlər Nazirliyi şənbə günü, fevralın 15-də ölkənin şərqindəki Van şəhərinin bələdiyyə sədri Abdullah Zeydanı müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırdığını açıqlayıb. SİA xəbər verir ki, Van yerli hökumətinin başçısı səlahiyyətlərini icra etmək funksiyası vilayətin valisi Ozan Balcıya həvalə edilib.

Daxili İşlər Nazirliyi Diyarbəkir 5-ci Ağır Cinayətlər Məhkəməsinin fevralın 11-də Abdullah Zeydanı “Silahlı terror təşkilatına bilə-bilə yardım etmək” maddəsi ilə 3 il 9 ay müddətinə azadlıqdan məhrum etdiyi hökmünə istinad edib.

“Qərar Türkiyə Konstitusiyasının 127-ci maddəsinə və “Bələdiyyə Təşkilatları haqqında” Qanunun müvafiq müddəalarına uyğun olaraq qəbul edilib”, - deyə nazirlikdən bildirilib.

Vali Ozan Balcı artıq şəhər bələdiyyəsinin sədri vəzifəsinin icrasına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə