"ABŞ prezidenti Donald Trampla, Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı ümumiyyətlə bölgənin gələcəyi üçün böyük ümidlərin, gözləntilərin reallaşmasına səbəb ola bilər". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Sahil Kərimli deyib.
Onun sözlərinə görə, ABŞ-la Rusiyanın son illərdə ilk dəfə olaraq belə yaxınlaşması, müəyyən məsləhətləşmələrin və təmasların qurulması Ukrayna ilə Rusiya arasında gedən müharibənin sonlanması ilə nəticələnə bilər: "Bu müharibə sonlanarsa, bölgədə yeni geostrateji vəziyyət və reallıqlar baş verəcək. Təbiidir ki, Ukrayna ilə Rusiya arasındakı müharibə bölgə ölkələri üçün və Cənubi Qafqaz ölkələri üçün çox ciddi problemlər yaratmışdı. Ən azından iqtisadi əlaqələrin, idxal-ixrac əməliyyatlarının, tranzit yük daşımalarının gedişində müəyyən enişlər var idi. Bu istiqamətdə çox ciddi problemlər yaranmışdı. İqtisadi fəallığın zəifləməsi, region ölkələri arasında müharibə səbəbi ilə ticari əlaqələrin də zəifləməsinə gətirib çıxarmışdı. Bu baxımdan təbiidir ki, ABŞ-la Rusiya arasında yaxınlaşma və bunun nəticəsində müharibənin dayandırılması, gələcəkdə keçmiş əlaqələrin yenidən bərpa olunması ilə nəticələnəcək. Əlbəttə ki, Cənubi Qafqazda bu gün Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prossesinə də ABŞ-nin böyük təsiri var. Bu baxımdan da ABŞ-la Azərbaycan arasında artıq yeni mərhələyə qədəm qoyulmasından sonra da bu istiqamətdə nikbin proqnozlar verə bilirik. Çünki ən azından dünyada münaqişələrin həll olunması, müharibələrin dayandırılması prosesinin biz başlanğıcının artıq şahidi oluruq. Çünki Tramp artıq bu istiqamətdə ciddi addımlar atır və bu gələcəkdə də, belə olacaq. Təbiidir ki, müharibələr, qanlı toqquşmalar, münaqişələr aradan qalxarsa, bu bütün dünya üçün, o cümlədən Cənubi Qafqaz regionu üçün də, həm iqtisadi baxımdan, həm də siyasi baxımdan böyük dvidentlər gətirə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə