2025-ci il yanvarın 1-dən Azərbaycanda bir sıra qanunlar qüvvəyə minəcək. SİA həmin qanunları təqdim edir:
"Yaşayış minimumu haqqında" Qanun
Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.
Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə
Dəyişikliyə əsasən, Azərbaycanda hərbi xidmətkeçmədə son yaş həddi aşağı endirilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanların xidmət etdikləri son yaş həddi 35-dən 30-a endirilib. Dəyişikliyə əsasən, hərbi qeydiyyata alınmış müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşlar 18 yaşından 30 yaşınadək orduya çağırılacaqlar.
"Diplomatik xidmət haqqında" qanun
Qanuna əsasən, ilk dəfə daimi diplomatik xidmətə qəbul olunan Azərbaycan Respublikasının vətəndaşı vəzifəsinin icrasına başlamazdan əvvəl aşağıdakı məzmunda and içəcək:
“Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət göstərəcəyimə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, üzərimə düşən vəzifələri qərəzsiz, vicdanla və məsuliyyətlə yerinə yetirəcəyimə, hər zaman diplomatik xidmət əməkdaşı adını uca tutacağıma və Azərbaycan Respublikasını ləyaqətlə təmsil edəcəyimə and içirəm”.
And içən diplomatik xidmət əməkdaşı andının yazılı mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.
"Turizm haqqında" qanun
Qanuna əsasən, turizm və rekreasiya zonalarının ərazisində bəzi fəaliyyət növlərinin həyata keçirilməsi (kimya sənayesi, metallurgiya, nüvə energetikası, tullantıların zərərsizləşdirilməsi və emalı müəssisələrinin fəaliyyəti) qadağan edilir.
Belə ki, sənəd sözügedən zonaların xüsusiyyətləri nəzərə alınmaqla "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" qanunlara uyğunlaşdırma məqsədi ilə hazırlanıb.
"Avtomobil yolları haqqında" qanun
Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb.
Beləliklə, Nazirlər Kabinetinin müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Tarif (qiymət) Şurası tərəfindən təsdiq ediləcək və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin bu məqsədlə açılmış bank hesabına köçürüləcək. Bu vəsaitin bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Həmçinin, qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi avtomagistraldan ödənişli yol kimi istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək.
Qanun ödənişli avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsünün və ondan istifadənin hüquqi əsaslarını yaratmaq məqsədilə hazırlanıb. Bu vəsaitin bölgüsü qaydası qanun qəbul edildikdən sonra müvafiq dövlət orqanı tərəfindən təsdiq ediləcək.
Qeyd edək ki, artıq “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H. Z. Tağıyev qəsəbəsindən başlayaraq tikilən 129 kilometr uzunluqda olan hissəsi Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə ödənişli yol kimi müəyyən edilib və Tarif Şurasının qərarı ilə gediş qiymətləri təsdiq edilib.
“Gömrük tarifi haqqında” qanuna dəyişiklik
Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun imzalayıb.
Dəyişikliklə dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilib.
Bununla yanaşı, dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində özəl tərəfdaş olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanununa uyğun olaraq müəyyən edilmiş dövlət tərəfdaşının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad olunub.
Qanuna görə, gömrük rüsumları üzrə güzəştlərin və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin aparılması məqsədilə gömrük rüsumları üzrə güzəştlər və azadolmalar Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada təsnifləşdiriləcək. Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Yanvarın 1-dən qüvvəyə minəcək digər qanunlar aşağıdakılardır:
- Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilib.
- Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilib.
- Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilib.
-“Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş”i təsdiq edilib.
-“Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun.
- “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanununa dəyişiklik edilib.
-“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun.
- “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun.
- “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun.
-“Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun.
- “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun.
- Vergi Məcəlləsində dəyişiklik edilib.
- “Nağdsız hesablaşmalar haqqında” Qanununda dəyişiklik edilib.
-“Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilib.
- "Milli Məclisin 2025-ci il üçün xərclər smetası haqqında" qərar.
- "Hesablama Palatasının 2025-ci il üçün xərclər smetası haqqında" qanun.
- “Minatəmizləmə fəaliyyəti haqqında” qanun.
-“Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib.
- Miqrasiya Məcəlləsində dəyişiklik edilib.
- “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilib.
- “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda dəyişiklik edilib.
- “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilib.
- “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununda dəyişiklik edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə