Gürcüstanın yeni prezidenti mitinqlərdə maska taxmağı qadağan edən qanunu imzaladı

Gürcüstan Prezidenti Mixail Kavelaşvili 29 dekabr andiçmə mərasimi günündə etiraz aksiyalarında maska taxmağı və lazer istifadəsini qadağan edən qanunu imzalayıb. SİA xəbər verir ki, sənəd Gürcüstanın Qanunvericilik Bülletenində dərc edilib.

Gürcüstan parlamentinin 13 dekabrda təsdiqlədiyi "Yığıncaqlar və nümayişlər haqqında" qanuna edilən dəyişikliklərə əsasən, üzü maska və ya digər vasitələrlə örtmək qadağan edilir. Həmçinin qadağan edilmiş əşyaların siyahısına pirotexniki vasitələr və etirazçıların tez-tez polislərin gözlərinə və müşahidə kameralarına tutduqları lazerlər də daxil edilib.

Qanun rəsmi dərc edildikdən sonra qüvvəyə minib.

Qanunvericilik Bülletenində həmçinin 26 oktyabr parlament seçkisindən sonra Gürcüstan parlamentinin yeni çağırışının sürətləndirilmiş qaydada qəbul etdiyi 10-dan çox digər qanun da dərc edilib. Onların arasında "Dövlət mühafizəsi haqqında" qanuna edilən dəyişikliklər də var ki, bu da Konstitusiya Məhkəməsi (KM) prezidentin vəzifədə olarkən konstitusiyanı pozduğunu müəyyən edərsə, səlahiyyət müddəti bitdikdən sonra onu dövlət mühafizəsindən məhrum edir. Beləliklə, səlahiyyətləri dünən başa çatan Salome Zurabişvili dövlət mühafizəsindən məhrum edilib. 2023-cü ildə KM onun hökumətin razılığı olmadan xarici səfərlər etdiyinə görə konstitusiyanı pozduğu üçün impiçment təqdimatını dəstəkləyib.

Qeyd edək ki, bazar günü Gürcüstan parlamentində altıncı prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçirilib. O, 14 dekabrda seçicilər kollegiyası tərəfindən beş illik müddətə seçilib. Bu, Gürcüstan prezidentinin ilk qeyri-birbaşa seçkisi olub. Onun sələfi Salome Zurabişvili 26 oktyabr parlament seçkisini saxtalaşdırılmış hesab etdiyi üçün yeni prezidenti tanımır.

Bütün xəbərlər Facebook səhifəmizdə