"2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm əhəmiyyət kəsb edir" - ŞƏRH EDİLDİ
"Məlumdur ki, Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə qəbul olunub. Məhz gəmin gün Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı və seçicilərin 86 faizinin iştirak etdiyi referendumda seçicilərin 91,9 faizinin leyinə səs verməsi ilə qəbul olundu". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
O bildirib ki, dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi: "Artıq həmin tarixdən artıq 30 ilə yaxın bir müddət keçir. Müstəqilliyini yenicə qazanmış ölkənin kinstitusiyası həmin dövr üçün kifayət qədər əhatəli, ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edən bir Konstitusiya idi.
Bu Konstitusiya ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi.
Heç şübhəsiz ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridir və bu baxımdan da 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm əhəmiyyət kəsb edir.
Keçən 30 il ərzində zaman-zaman Konstitusiyaya bu və ya digər dəyişikliklərin edilməsinə də şahidlik etdik. Düşünürəm ki, Konstitusiya ilində referendumun keçirilməsi və Konstitusiyamızın müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün referendumun keçiriləcəyinə də şahidlik edəcəyik".
"Xüsusilə də, siyasi partiyalaşma institutunun inkşafı üçün ali qanunverici hakimiyyət və yerli özünüidarə orqanlarının proporsional və majoritar, yəni, qarışıq seçki sistemi əsasında formalaşdırılması qaydasının tətbiqi, Milli Məclisin say tərkibinin genişləndiirilməsi ilə bağlı müvafiq dəyişikliklərin edilməsi, o cümlədən də bələdiyyə institutunun təkmilləşdirilməsi, səlahiyyətlərinin artırılması, iri şəhər bələdiyyələrinin yaradılması və bələdiyyə başçılarının birbaşa xalq səsverməsi yolu ilə seçilməsi qaydasının təsbit olunması, Prezidentin səlahiyyətli nümayəndəlik institutunun təsbiti və parallel strukturların ləğvi, məhkəmə sistemi ilə bağlı dəyişiklərin edilməsi ilə bağlı dəyişiklikərin edilməsi yaxşı olardı" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə