Avstriyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub. Tədbir Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

SİA-nın məlumatına görə, Avstriya Azərbaycanlıları Cəmiyyətindən bildirilib ki, əvvəlcə tədbirdə dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərində qəzaya uğraması nəticəsində həlak olan soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Zalsburq Azərbaycan Evinin rəhbəri Fərid Əzizov Azərbaycanın qəhrəman pilotlarının insanları xilas etmək üçün göstərdikləri şücaətdən danışıb.

Diaspor sədri, həmçinin bildirib ki, soydaşlarımızın bir yerə toplaşması, dünyanın harasında yaşamalarından asılı olmayaraq tarixi vətənlərinin - doğma Azərbaycanın yanında olduqlarını hər an sübut etmələri əsl həmrəylik nümunəsidir.

Tədbirin qonaqları arasında azərbaycanlı soydaşlarımız ilə yanaşı, Avstriya vətəndaşları da olublar. Avstriyalı qonaqlar Azərbaycan haqqında xoş təəssüratlarını bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə