Tarix, turizm və təbiətin mükəmməl ahəngi!
Artıq bir həftəlik bayram tətili günləri başlayıb. Bu müddətdə insanlar istirahətlərini daha mənalı təşkil etmək üçün yollar arayır. SİA xəbər verir ki, bu günlər paytaxt Bakı ilə yanaşı, bölgələrə də üz tutanlar az olmayacaq. İlk növbədə isə tarixi və qədim məkanlara, turizm infrastrukturu olan rayonlara. Danılmaz faktdır ki, bu sırada Şəki ön sırada gəlir. Çünki bu qədim şəhərin küçə və meydanları, tarixi məkanları ilin bütün fəsillərində qonaqlı-qaralı olur. Bəs Şəkidə bayram tətilinə necə hazırlıq görülüb?
Adətən ilin bu günləri Şəki ağ örpəyə bürünər, təbiətdən qar havası gələrdi. Bu il isə qarın yağması bir qədər gecikir. Ancaq dağların zirvəsində qarı müşahidə etmək olur. Lakin bu bölgənin təbiəti də göz oxşayır.
Yaşı 2700-dən çox olan və tarixi irsi özündə birləşdirən bu qədim şəhərə üz tutanları burada yetərincə maraqlı məkanlar, yaddaqalan anlar gözləyir. Belə ki, Şəki memarlığına, tarixi abidələrinə görə təkcə ölkəmizdə deyil, dünyada tanınır. Bu sırada Kiş Alban məbədi də var. Məbədin əməkdaşları qarşıdakı günlərdə fasiləsiz çalışacaqlar, çünki çox sayda qonağın gəlişi gözlənilir.
Alban məbədinin bələdçisi Gülnarə Kərimova bildirir ki, məbəd eramızın I əsrinə aiddir. Bu, nəinki Azərbaycanda, Qafqazda ilk apostol məbədi sayılır. Bələdçi tikilinin qədim Ay məbədi üzərində quruduğunu bildirir. “Burada Cavanşirə aid ekspozisiyalar, qanunlar, Alban yazıları var. Hətta məbədin daxilində bir yer var ki, insanlar buraya arzu-niyyətə gəlirlər”, - deyən Gülnarə Kərimova ziyarətə gələnlərin coğrafiyasının da geniş olduğunu diqqətə çatdırır.
Ölkəmizin turizm sektorunda son illər kənd turizmi daha çox inkişaf edib. Rayona istirahətə gələnlərin sırasında kənd evlərində qalmağa üstünlük verənlər az deyil. Bunu Kiş kəndinə gələn və kənd evlərində qalmağı üstün tutan yerli və xarici turistlərin seçimindən bilmək olar. Turizm meneceri İlhamə Hüseynova uzun illərdir bu sahədə çalışır və qarşıdakı günlərdə onun qonaqları sırasında yerli turistlərlə yanaşı, xarici ölkələrdən də gələnlər az olmayacaq.
“Qonaqların sayı artır ki, azalmır. Qiymətlər də münasibdir. Məsələn, bir otaq 50 manatdan verilir ki, otaqda da 3-4 çarpayı olur”, - deyən turizm meneceri qonaqlarına yerli mətbəximizi təqdim etməklə yanaşı, onlara xörəklərin hazırlanması istiqamətində master-klasslar keçdiyini də əlavə edir.
Söhbət zamanı diqqətimizi buradakı meyvə və çərəzlər, mürəbbələr cəlb edir. Öyrənirik ki, il boyu Kiş kəndinin 50-60 evində hazırlanan mürəbbələr, yaxud meyvə və çərəzlər turistlərə təqdim edilir və satşı təşkil olunur.
Danılmaz faktdır ki, turistlər arasında hotel, hostel və motelləri də seçənlər az olmur. Şəki bu baxımdan keyfiyyətli xidmətləri ilə fərqlənir. Təkcə Marxal ərazisində bir neçə turizm-istirahət mərkəzi fəaliyyət göstərir. Hotellərdən birinin baş meneceri Kamal Hüseynov bildirir ki, bayram tətili günlərində hər zamankı kimi, müxtəlif proqramlar tərtib edilib. Xüsusən bütün tətil boyu azyaşlılar üçün karnavallar keçiriləcək. K.Hüseynov təmsil etdiyi oteldə qiymətlərdə dəyişikliyin olmadığını vurğulayıb.
Qeyd edək ki, təkcə “Yuxarıbaş” Dövlət Milli Tarix-Memarlıq Qoruğunun ərazisində 25 tarixi abidə var. Bu ərazidə qədim məhəllə adları indiyədək qorunub saxlanılır.
Qoruğun dəyəri həm də onun Azərbaycan mədəniyyətinə, incəsənətinə, elminə bəxş etdiyi görkəmli şəxsiyyətlərin adı ilə bağlıdır. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Emin Sabitoğlu, Rasim Ocaqov və neçə-neçə tanınmış xadim məhz bu ərazidə doğulub, yaşayıb, yaradıblar. Hazırda bu şəxsiyyətlərin bir çoxunun qoruq ərazisində ev-muzeyləri fəaliyyət göstərir.
Bununla yanaşı, qoruğun ərazisində onlarla sənətkarlıq emalatxanası fəaliyyət göstərir. Şəki sənətkarları tərəfindən 27 qədim sənət növü, o cümlədən şəbəkə, dulusçuluq, təkəlduz, xovlu tikmə, papaqçılıq, dabbaqlıq, ipəkçilik, nalbəndlik, misgərlik, dəmirçilik, zərgərlik və digərləri indiyədək qorunub saxlanılır ki, bu da yerli və xarici turistlərin ən çox maraq göstərdiyi, üz tutduğu məkanlar sırasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə