“Qərb imperialistləri təhlükəli oyunlar oynayaraq növbəti dəfə Cənubi Qafqazı qarışdırmaq üçün Gürcüstanın üzərinə basqılar edir. Əslində Gürcüstanda xalqın səsvermə hüququna hörmət etmək lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
O bildirib ki, “Gürcü arzusu” demokratik və şəffaf seçkilər nəticəsində Gürcüstanda hakimiyyətə gəlib: “Amma “Xarici agentlər haqqında” qanun lahiyəsinin qəbulu bəlli siyasi mərkəzləri Qərbdə ciddi formada narahat edir. Onlar əllərindən gələn və gəlməyən bütün vasitələrdən istifadə edərək Gürcüstanın daxilində bir qarışıqlıq və xaos yaratmağa çalışırlar.
Son dövrlər Gürcüstan ətrafında baş verən hadisələr də bizə bunu söyləməyə əsas verir. Bu baxımdan da hesab edirəm ki, bu gün Gürcüstana qarşı Qərbin oynamaq istədiyi oyunların nəticələri fiaskoya məruz qalacaq. Çünki Gürcüstandakı vətənpərvər dövlətçi hakimiyyət feminizm və s. bu kimi yad ideologiyalarla gürcü gənclərinin başını pozmağa çalışan qüvvələrə qarşı duruş gətirə biləcək sağlam bir mövqeyə malikdir. Həmçinin Gürcüstan müstəqil dövlətçilik qərarları olan və bu proses ətrafında da koordinasiya olunmuş, mərkəzləşmiş bir ölkədir. Bu baxımdan da Gürcüstanı sarsıtmaq, nələrləsə təhdid etmək Qərbin siyasi mərkəzləri tərəfindən davamlı xarakter alacaq. Buna baxmayaraq mən inanıram ki Gürcüstandakı ictimai-siyasi sabitlik mütləq şəkildə ən yüksək səviyyədə təmin ediləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə