Ali Məhkəmədə birinci instansiya məhkəmələrinə yeni təyinat alan 34 hakimin andiçmə mərasimi keçirilib. Bu barədə SİA-ya Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Məlumata görə, sədr məhkəmə hakimiyyətinin nüfuzunun artırılması istiqamətində görülmüş işlərdən danışıb, yeni hakimlərə şərəfli hakim adını hər zaman uca tutmağı, ədalətli, vicdanlı və məsuliyyətli olmağı tövsiyə edib.
"Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Konstitusiyasına və Qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacaqlarına and içiblər. Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması və xidməti vəsiqə təqdim olunub", - məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə