Azərbaycanda Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri artırılır. SİA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin noyabrın 7-də keçirilən iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının hüquqları sırasına aşağıdakılar daxil edilir:
- vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydalarını müəyyən etmək;
- Hakimlərin Qiymətləndirilməsi Komitəsi haqqında Əsasnaməni təsdiq etmək və Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdırmaq;
- İlk dəfə 3 il müddətinə təyin olunan hakimlərin müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisələrində təlimə cəlb edilməsi qaydalarını müəyyən etmək;
- məhkəmə hakimiyyəti orqanlarının və Məhkəmə-Hüquq Şurasının aparatlarında dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibələrin nəticələrindən verilən şikayətlərə baxılması üçün Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasını yaratmaq;
- Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının Əsasnaməsini təsdiq etmək.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə