“Şuşa Zəfərimizin rəmzidir“ - ŞƏRH EDİLDi

“Xalqımız 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin dördüncü ilini qeyd edəcək. Əlbəttə, İkinci Qarabağ müharibəsinin hər günü bir şanlı tarix, misli görünməmiş qəhrəmanlıq dastanı, Zəfər salnaməsidir. Ancaq birmənalı olaraq deyə bilərik ki, Qarabağ Zəfərinin baş tacı Şuşa zəfəridir”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, 2020-ci il noyabrın 8-i tariximizə şanlı bir gün kimi yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-dən Qarabağda başladığı və 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatları sırasında ən mühüm tarixi hadisə və böyük hərbi qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli qədim Şuşa şəhərinin rəşadətli ordumuz tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazıldı.

Prezident İlham cənab Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Şuşa bütün dövrlərdə Azərbaycanın tarix və mədəniyyət rəmzi, milli iftixar simvolu, Qarabağın döyünən qəlbi olub. 30 ilə yaxın düşmən tapdağında olan bu müəqəddəs şəhərə qovuşmaq dövlətçiliyimizin memarı Ulu öndər Heydər Əliyevin və Onun bütün ümdə arzularını gerçəyə çevirən Prezident cənab İlham Əliyevin ən böyük arzusu idi. Dövlətimizin başçısı və xalqımız Şuşasız qaldığımız illərdə heç vaxt öz mübarizə ruhunu və azadlıq istəyini itirmədi, həmişə torqalarımızı azad etmək əzmi ilə yaşadı. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində sarsılmaz inamlı qələbələrin əldə edildiyi ilk günlərdə yenə də hamının qəlbi Şuşa intizarı ilə çırpınırdı. Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Ona görə də, rəşadətli ordumuz hər gün, hər saat, hər dəqiqə Şuşaya doğru dayanmadan, inamla irəliləyirdi. Qəhrəman əsgər və zabitlərimiz çətin və mürəkkəb relyefə, ağır hava və yolsuzluq şəraitinə baxmayaraq, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Şuşadan qovaraq çıxardı. Ata vəsiyyətini layiqincə yerinə yetirən Möhtərəm Prezidentin tarixi missiyası uğurla tamamlandı və Zəfər Günümüzə qovuşduq.

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində deyib: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

Şəhər azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verilib və burada ölkə əhəmiyyətli açılışlar həyata keçirilib. Belə ki, hazırda işğaldan azad olunan ərazilərdə böyük quruculuq layihələri həyata keçirilməkdədir: yeni məktəb, məscid, xəstəxana və digər əhəmiyyətli obyektlərin, eləcə də yaşayış binalarının inşası aparılır. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız hazırda mənəvi cəhətdən də dirçəlir. 2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Eyni zamanda, 2021-ci il mayın 12-13-də Şuşa şəhərindəki Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb. Ötən müddət ərzində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi yaradılıb.2022-ci il yanvarın 5-də Prezident cənabİlham Əliyev Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncam imzalayıb. Bu müddət ərzində Şuşa bir çox həm yerli, həm də beynəlxalq tədbirlərə ev sahibliyi edib. Son dörd il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərində səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. 2023-cü il sentyabrın 25-də Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransının iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.

Bu gün böyük qürur hissi ilə tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərazilərimizdə xüsusilə də Şuşada həyata keçirilən genişmiqyaslı və sürətli bərpa-quruculuq işləri soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qovuşması ilə diqqətdədir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə