Azərbaycan BRİCS üçün çox önəmli ölkədir - ŞƏRH

Azərbaycan BRİCS üçün çox önəmli ölkədir - ŞƏRH

“BRİCS-in Kazan sammitinin Qərblə dünyanın qalan hissəsi arasında münaqişələrlə parçalanmış uçurumun həmişəkindən daha dərin olduğu bir şəraitdə keçirildiyini nəzərə alsaq, təşkilatın inkişafında qətiyyətli addımın atılması heç də asan olmayıb. Bu kritik vəziyyətdə Kazan sammiti Qlobal Cənub ölkələrinin artan istəklərini əks etdirən beynəlxalq nizamın islahatı planını təqdim edib. Yeni üzvlər və tərəfdaş ölkələr üçün BRİCS borcların azaldılması, iqlimin maliyyələşdirilməsi və davamlı inkişaf kimi məsələləri müzakirə etmək üçün alternativ platforma təqdim edib. Sammitin mərkəzi hadisəsi vahid, daha ədalətli dünya nizamı üçün ortaq baxışı müəyyən edən iddialı sənəd olan Kazan Bəyannaməsinin qəbulu olub. Bəyannamə qlobal idarəçilikdə islahatlara çağırış edərək, çoxtərəfliliyə sadiqliyini bir daha təsdiq edib”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Kazan sammiti çoxqütblü dünya nizamına doğru iddialı addımı qeyd etsə də, onun müvəffəqiyyəti genişlənmiş BRİCS-in birlik və uyğunluğu necə qoruyub saxlamasından asılı olacaq: “BRICS sammitinin “BRICS plus/outreach” formatında yekun iclasında 40-a yaxın dövlət iştirak edib. Rusiya prezidenti Vladimir Putinin moderatorluğu ilə keçirilən görüşdə Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikasının 19 ölkəsinin rəhbərləri, BMT-nin baş katibi Antonio Quterreş və Yeni İnkişaf Bankının rəhbəri Dilma Russeff eyni masa arxasında toplaşıblar. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında nəqliyyat dəhlizlərinin inkişafından danışıb. Bildirib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Bu nəqliyyat marşrutlarının bütün seqmentləri Azərbaycan ərazisində uğurla fəaliyyət göstərir. Mümkündür ki, Azərbaycan bu ittifaqa ön planda qəbul edilsin, çünki Rusiya prezidentinin müşaviri Anton Kobyakovun əvvəllər qeyd etdiyi kimi, “Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin açarına malikdir, ona görə də ölkə BRİKS-ə qoşulmalıdır”. Onun sözlərinə görə, bu nəqliyyat dəhlizinin necə “baş tutacağı” Bakının işidir. Bununla belə, Prezident Vladimir Putin İlham Əliyevin çıxışından sonra Azərbaycanın logistik dəhlizlərin inkişafında əhəmiyyətini də vurğulayıb. “Azərbaycanın, xüsusən də logistika dəhlizlərinin inkişafında rolu çox, çox vacibdir. Ancaq təkcə bu deyil”, - deyə o bildirib. Sülh müqaviləsinin imzalanması ilə bağlı olan dialoqda isə əsasən Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının və iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti haqqında danışılıb. Kazan sammiti Azərbaycanın perspektiv planlarının həyata keçirilməsi üçün unikal platforma sayıla bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə