Türk ekspert: Azərbaycan hər zaman Türkiyənin yanında olub

“Dünən Ankarada Türkiyə Aviasiya və Kosmos Sənayesinin lider şirkətlərindən biri olan TUSAŞ-ın müəssisəsində baş verən qanlı hadisə zaman baxımından xüsusi hazırlanmış bir terror aktıdır. Hadisənin Prezident Rəcəb Tayyib Ərdoğanın XVI BRICS Sammitində iştirak etmək üçün Tatarıstanın paytaxtı Kazan şəhərində olması, İstanbulda müdafiə sənayesi baxımından olduqca vacib “SAHA EXPO 2024” sərgisində TUSAŞ tərəfindən bir sıra mühüm anlaşmalara imza atdığı bir dövrdə törədilməsi bunu deməyə əsas verir. Bunun PKK separatçı terror təşkilatı ilə bəzi beynəlxalq qüvvələr və kəşfiyyat orqanlarının birgə fəaliyyəti olduğunu düşünürəm. Bu, Türkiyənin olduqca mühüm strateji hədəfinə olan hücumdur”.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikirləri açıqlamasında Türkiyə mediasının təmsilçisi, siyasi ekspert Güngör Yavuzaslan deyib.

Türkiyənin artıq çox inkişaf etmiş bir dövlət olduğunu vurğulayan şərhçi bildirib: “Türkiyə TUSAŞ, “Baykar”, “Roketsan”, “ASELSAN” kimi dünyada müdafiə sənayesi sahəsində brendə çevrilən və qlobal səviyyədə rəqabət edən şirkətlərə sahib ölkədir. TUSAŞ dünyada müdafiə sənayesi üzrə ilk yüz şirkət arasında yer alan və hər il pillə-pillə yüksələn milyardlarla dollarlıq sərmayəyə malik qurumdur. Bu gün SOCAR Azərbaycanın dünyadakı gücü olduğu kimi, sahələrin fərqliliyinə baxmayaraq, Türkiyənin də eyni mövqedəki şirkəti TUSAŞ-dır. Bu baxımdan dünənki terror aktının məhz TUSAŞ-da törədilməsi də xüsusi seçilmiş bir hədəfə yönəlmiş hücum idi. Təbii ki, burada Türkiyənin təhlükəsizlik qüvvələrinin çevik reaksiyasını, hücumun böyüməsinin qarşısının alınması istiqamətində aparılan əməliyyatı vurğulamamaq olmaz. Lakin həlak olan və yaralanan insanlarımız var, bu baxımdan olduqca kədərliyik”.

Azərbaycan-Türkiyə birliyinə toxunan Yavuzaslan deyib: “Bir media mənsubu olaraq bu gün olduğu kimi, hər zaman can Azərbaycanın Türkiyəyə verdiyi dəstəyi bir daha xüsusi qeyd etmək istəyirəm. Azərbaycan Prezidenti İlham Əliyev daima qardaşlığımızı ön planda tutaraq heç vaxt Türkiyəni tək qoymayan bir liderdir”.

“Təbii ki, bu günlər də geridə qalacaq. Türkiyə Prezidenti Kazandan çox qəti mesajlar verərək ölkəyə qayıtdıqdan sonra bəzi tədbirlər görəcəyini dedi. Hadisənin başvermə forması və ya hədəfin seçilməsi mütləq dərindən araşdırılacaq. Lakin bu kimi hücumların davamının olacağı ehtimalını istisna etmək olmaz. Dünən ilk cavabımızı Suriya və İraqda həyata keçirilən hava əməliyyatı ilə verdik və terrorçulara aid 42 hədəf vuruldu. Bu əməliyyatların daha geniş şəkildə davam etdiriləcəyini düşünürəm”, - deyə Güngör Yavuzaslan əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə