Qərbin Gürcüstanı ALƏT ETMƏK NİYYƏTİ – TƏHLİL

Dəfələrlə şahidi olmuşuq ki, Qərb özünün maraqları naminə Cənubi Qafqazda hansısa qarışıqlıq, xaos yaratmaq üçün bütün imkanlarını səfərbər edib. Demokratiya adı altında regionun bir çox ölkələrində öz çirkin niyyətlərini həyata keçirmək ənənəsinə sadiq qalan Qərbin Gürcüstanı qarışdırmaq üçün “meydana” atıldığını indi görməmək mümkün deyil. Məhz Rusiyaya qarşı Gürcüstanı alət etmək niyyəti artıq tam çılpaqlığı ilə ortadadır.

Gürcüstanı məhz Rusiya ilə müharibəyə qızışdıran Qərb öz çirkin niyyətlərini reallaşdırmağa çalışır

Gürcüstanda seçkilər ərəfəsində Qərbin daha da “aktiv fəaliyyət” göstərməsi əbəs yerə və səbəbsiz deyil. Demokratiyadan ağız dolusu dəm vuran amerikalılar, avropalılar Gürcüstanın indiki hökumətinin xalqın iradəsinə uyğun və tam demokratik prosedurlara uyğun seçilməsini indi heç hesaba belə almaq istəmirlər. Əksinə, bu il 26 oktyabr tarixində keçiriləcək seçkilərdə demokratiyanın qələbəsini deyil, “öz istəklərinin”, yəni, çirkin niyyətlərinin qələbəsini arzulayırlar. Təkcə arzulamırlar, hətta hazırlıq da görürlər. Daha dəqiq desək, Qərb özünün layihəsi olan müxalifətin seçkilərdə ədalətli şəkildə qalib gələ bilməyəcəyini yaxşı başa düşərək və nəzərə də alaraq, Gürcüstanda açıq şəkildə antikonstitusion çevriliş belə hazırlayır.

Ukraynanı hər vasitə ilə Rusiyaya qarşı müharibəyə sürükləyənlər indi də Gürcüstanı eyni şəkildə qızışdırmağa çalışırlar. Qərb indi də Gürcüstanı alət etmək niyyətindədir və bu niyyətini heç gizləmir də. Rusiya ilə müharibəyə başlamaq üçün Ukraynanı pulla, silahla, ümumiyyətlə, hər şeylə təmin edən Qərb indi də Gürcüstanı eyni şəkildə təmin etməyi belə planlaşdırır. Qarışıqlıq, xaos, çevriliş cəhdləri də məhz buna görədir. İndi təkcə ABŞ deyil, Fransa da Gürcüstanla bağlı eyni planlar barədə düşünür. Bəlkə də Ermənistanda hansısa oyunların nəticəsindən “narazı” qalan Fransa prezidenti Makron özü də Gürcüstanı həfəd seçib və həmin ölkəni alət kimi istifadə etmək niyyətindədir. Cənubi Qafqazda sabitliyi pozmaq üçün Fransa da Gürcüstanda öz çirkin niyyətlərini reallaşdırmağı planlayır.

Gürcüstanı alət etməyə çalışanlar həmin ölkənin qarşılaşacağı məhdudiyyətləri nəzərə belə almırlar

İndi gürcülər başa düşməlidirlər ki, onları alət etməyə çalışanlar Gürcüstanın qarşılaşacağı məhdudiyyətləri nəzərə belə almırlar. Amma bu məhrumiyyətləri özləri yaxşıca ölçüb-biçməli, nəzərə almalıdırlar. Nəzərə almalıdırlar ki, müharibə olacağı təqdirdə onları saysız-hesabsız məğlubiyyətlərlə yanaşı, həm də böyük məğlubiyyət gözləyir. Rusiya ilə müharibənin başlamasının və bunun ardınca Gürcüstanın sürətli şəkildə və çox böyük itgilərlə başa gələ bilən məğlubiyyətinin nəyə gətirib çıxaracağını indidən bilmək heç də dərin zəka və uzaqgörənlik tələb etmir. İlk növbədə Gürcüstan ərazisindən keçən bütün tranzit kommunikasiyalarının kəsiləcəyini gürcülər bilməlidirlər. Bilməlidirlər ki, müharibənin başlaması ilə bu gün dinamik inkişaf edən Orta Dəhlizdən də məhrum olmalı olarlar.

Təbii ki, gözlənilən belə bir məhrumiyyət də, müharibə olacağı təqdirdə gürcülər üçün qaçılmaz olacaq məğlubiyyət də Qərb üçün heç bir mahiyyət kəsb etmir. Ən azından ukraynalıların başına gələnlər böyük bir dərs olmalıdır. Gürcülər özləri də görürlər və çox yaxşı başa düşürlər ki, itirən ukraynalılar oldu, amerikalılar və avropalılar yox. Başa düşürlər ki, məhrumiyyətlər də, itgilər də Qərbin yox, məhz Ukraynanın oldu. Dağıdaılan şəhərlər də Ukraynanın şəhərləri oldu, döyüşən və həlak olanlar da ukraynalılar oldu. Heç bir avropalı və ya amerikalı Ukraynada döyüşmədi, həlak olmadı. Amerikanın, yaxud Avropanın hansısa şəhəri hücuma və dağıntılara məruz qalmadı. Deməli, Rusiya ilə Qərbin münasibətlərinin yaxşı olmadığına görə, ambisiyalara görə Ukrayna alət edildi. İndi də Gürcüstanı alət etmək niyyəti ortadadır və bu məsələdə də maraqlı tərəf Qərb özüdür.

Regionda sülhün, əmin-amanlığın, stabilliyin olmasını istəməyən Qərb indi də Gürcüstanı hədəfə alıb

Cənubi Qafqazın hansı ölkəsi özünün müstəqil siyasətini yürüdürsə, regionun hansı ölkəsi Qərbin diqtəsi ilə hərəkət etmirsə, hansı ölkədə inkişaf və tərəqqi müşahidə edilirsə, Qərb həmin ölkəni hədəfə alır. Hazırda Gürcüstanın təkcə qlobal və regional layihələrdə iştirakı deyil, irimiqyaslı infrastruktur layihələri belə həyata keçirməsi amerikalıları və avropalıları görünür, bərk narahat edir. Əvvəla ona görə ki, qeyd olunduğu kimi, Qərb üçün hansısa Cənubi Qafqaz ölkəsinin inkişafı, tərəqqisi, müstəqil siyasət yürütməsi qətiyyən qəbuledilən sayılmır. Digər tərəfdən də Qərb görür ki, region ölkələrindən hansı inkişaf edirsə, Cənubi Qafqazda sülhün təminatçısına çevrilir. Məsələn, Azərbaycanın timsalında Qərb buna artıq əmin olub. Əmin olub ki, davamlı şəkildə inkişaf edən, özünün müstəqil siyasətini yürüdən Azərbaycan daha böyük uğurlar əldə etdikcə, qələbələr qazandıqca, özünün müstəqil siyasəti fonunda Cənubi Qafqazda sülhün nəinki təminatçısına, hətta qarantına da çevrilir. İndi eyni kontekstdən baxdıqda görürük ki, məhz buna görə də Qərb Gürcüstanda qarışıqlıq yaratmaq, bununla da həmin ölkəni inkişafdan, tərəqqidən məhrum etmək, nəticədə də sülhə verə biləcəyi töhfələrin qarşısını almaq niyyətindədir. Çünki artıq son dərəcə əminik ki, Qərb qətiyyən regionda sülhün, əmin-amanlığın, stabilliyin olmasını istəmir. İstəmədiyi üçün də buna mane olmağa çalışır. Bu yolda da məhz region ölkəsini hədəfə alaraq, alət etməyi planlaşdırır. Bunun üçün də ən asan yol isə hədəf hesab edilən dövləti qızışdırmaq, müharibələrə cəlb etmək hesab olunur deyə Gürcüstan üçün də eyni ssenari hazırlanır. Daha dəqiq və qısa şəkildə desək, Cənubi Qafqazda sülhə mane olmaq üçün indi də Gürcüstanı alət etmək barədə düşünülür.

İstənilən halda Qərb Gürcüstanı ancaq müharibəyə sürükləməyə çalışır və bunu gürcülər özləri də yaxşı başa düşürlər

Qərbyönümlü Gürcüstan müxalifətinin öz seçki kampaniyasını anti-Rusiya ritorikası üzərində qurması fonunda hər şey aydın olur. Aydın olur ki, yenə də Qərb eyni ssenari ilə hərəkət edir. Bəlli olur ki, Qərb hansısa ölkədə müxalifəti qızışdırıb ortaya atmaq və həmin ölkəni də bununla alət etmək ənənəsinə sadiqdir. Yenə də eyni ssenari ilə Gürcüstanı qızışdırmaq niyyətində olan Qərb hesab edir ki, ya müxalifətin hakimiyyəti ələ keçirməsinə dövlət çevrilişi yolu ilə nail olaraq, həmin ölkəni Rusiya əleyhinə qaldıracaq, müharibəni qızışdıracaq, ya da buna nail ola bilməyəcəyi təqdirdə ölkədə narazılıqlar yaradaraq, xaosun hökm sürməsi kimi bir vəziyyəti yetişdirə biləçək ki, bu da sonda elə müharibəyə rəvac verə bilər. Deməli, istənilən halda Qərb ancaq Gürcüstanı müharibəyə sürükləməyə çalışır. Yəni, Qərb oyunlarını qura biləcəyi təqdirdə Gürcüstanı məhz Rusiya ilə sürükləməyə nail ola bilər. Belə çıxır ki, istənilən halda Qərbin niyyəti Gürcüstanı alət etməkdir.

Ümid edirik ki, bütün bu sadalananları gürcülər özləri də yaxşı başa düşürlər. Başa düşürlər ki, amerikalıların və avropalıların qurduqları ssenari ilə onlar ancaq müharibəyə sürüklənirlər. Hər halda, dərk edilər ki, həmin ölkədə oynanılan oyunlarda yalnız bircə məqsəd güdülür və həmin məqsəd Gürcüstandan alət olaraq istifadə etməkdir. Maraqlıdır, görəsən Qərb belə bir niyyətinin hasil olacağına niyə bu qədər əmindir və nəyə arxayın olaraq, çirkin niyyətindən əl çəkmək istəmir? Axı amerikalılar da, avropalılar da gec də olsa başa düşməli idilər ki, gürcülər real vəziyyəti düzgün qiymətləndirməyi daha üstün hesab edəcəklər. Başa düşməli idilər ki, Ukraynanın alət olaraq Qərb tərəfindən istifadə edilməsinin acı nəticələrini gürcülər görməyə bilməzlər və ukraynalıların başlarına gələnlər bir dərs olaraq qəbul edilməkdədir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə