"Gürcüstanda çox ciddi proseslər gedir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qərb bütün Cənubi Qafqazı özünün nəzarəti altına salmağa çalışır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, bu məqsədlə də Gürcüstandakı qarşıdurmanı təşkil edib: "Gürcüstanda vəziyyət onsuz da o qədər də ürəkaçan deyildi. Bidzina İvanişvili deyilən milyoner Gürcüstanda bir çox demokratik nailiyyətlərin üstündən xətt çəkmişdi. Amma bununla belə Gürcüstan inkişaf edirdi. Əhalinin rifah və halı yaxşı idi. Rusiya ilə münasibətləri qaydaya sala bilmişdi. Bütün bunlar Amerika, Qərbi çox acıqlandırırdı. Zənnimcə, Qərb Gürcüstanı tamamilə Qərbə çəkib aparmaq istəyir. Burada tamamilə demokratik cəmiyyətin bərqərar olmasını istəyir. Bu demokratik cəmiyyət B.İvanişvili və onun ətrafında olanların, eləcə də, Rusiya ilə əlaqələrin üstündən tamamilə xətt çəkəcək.

Gürcüstanda çox ciddi proseslər gedir. Əhalinin siyasi fəallığı yetərincə yüksəkdir. Onu da qeyd edim ki, bu proseslər Qərb-Rusiya qarşıdurması fonunda baş verir və hesab edirəm ki, Gürcüstanda vətəndaş qarşıdurması, o cümlədən hakimiyyət-müxalifət qarşıdurması daha da kəskin xarakter alacaq. Gürcüstanın müxalifət partiyaları eynicinsli deyil və müxtəlif partiyalar bir ideya ətrafında birləşiblər. Bu ideya da təbii ki, Gürcüstanın Qərb dünyasının bir hissəsinə çevrilməsidir. Müxalifət parlament seçkilərində də eyni blokda çıxış etmək niyyətindədirlər. Gizlətmək lazım deyil ki, Qərb Gürcüstandakı demokratik qüvvələrə açıq dəstək verir və bu da Gürcüstanda Qərb-Rusiya qarşıdurmasının əsas göstəricisidir. Bu üzdən də Gürcüstan hakimiyyəti ilə Qərb arasında münasibətləri tamamilə korlayıb".

"Heç kimə sirr deyil ki, Gürcüstanda hakimiyyətdə olan “Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanaşvili Rusiyanın adamıdır və buna görə də hakim partiya mənsubları daha çox rusiyapərəst siyasətçilər kimi tanınırlar. Lakin buna baxmayaraq bu günlərə qədər “Gürcü Arzusu” partiyasının Qərb ölkələri ilə normal münasibətləri vardı. Hətta Gürcüstan Avropa İttifaqına üzvlüyə namizəd belə qəbul olundu. Ona görə də Bidzina İvanaşvilinin də, “xarici agentlər haqqında” qanunun qəbul olunması Gürcütan hakimiyyəti ilə Qərb ölkələri arasındakı bütün ipləri qopardı. Çünki bu qanunun məhz Rusiyanın tələbi ilə qəbul olunması ilə bağlı iddialar var" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə