"Xalqımız ən ağır şəraitdə özünün müstəqillik arzusunu reallaşdıra bildi" - ŞƏRH OLUNDU

“Müstəqillik qazandığımız, keçmiş ittifaqın buxovlarından azad olduğumuz 18 oktyabr günü hər birimiz üçün unudulmazdır. 33 il əvvəl - 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Beləliklə, Azərbaycan 1920-ci ilin aprelində bolşeviklərin istilası zamanı itirdiyi müstəqilliyini yenidən bərpa etdi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Məhz elə buna görə də 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və eləcə də “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulundan sonra Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, sonra 11 dekabrda Rumıniya, 13 dekabrda Pakistan, 23 dekabrda İsveçrə tanıdı. Daha sonra isə müstəqilliyimiz İran, ABŞ və 10 aprel 1992-ci ildə Rusiya və digər dövlətlər tanındı. 2 mart 1992-ci ildə isə Azərbaycan müstəqil dövlət kimi BMT-yə üzv qəbul olundu.

Heç şübhəsiz ki, dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən savayı, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovetlər birliyinin dağılması, Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyimizin bərpasına böyük təhlükə törədirdi. Amma bütün bunlara rəğmən xalqımız ən ağır şəraitdə belə özünün müstəqillik arzusunu reallaşdıra bildi.

Bu gün biz artıq ərazi bütövlüyü və suvereneliyi bərpa edilmiş bir xalq olaraq müstəqil Azərbaycanın inkişafına şahidlik edirik. Müstəqilliyimizin əbədi, daimi və dönməz olması üçün isə, təbiidir ki, ölkəmizin hər bir vətəndaşı səylə çalışmalı, üzərinə düşən vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə