“Gürcüstan qarşıdurmada növbəti mübarizə meydanına çevrilə bilər” - MÜNASİBƏT BİLDİRİLDİ

“Gürcüstandakı seçkilər sadəcə bu ölkə üçün deyil, ümumilikdə region üçün dönüm nöqtəsi ola bilər. Hakim “Gürcü Arzusu” partiyasının suveren xarici siyasət strategiyası və Rusiya ilə əlaqələrin normalaşması kontekstində atdığı addımlar Gürcüstanın Qərbdəki müttəfiqlərini kifayət qədər hiddətləndirib. Hətta münasibətlərdəki gərginlik o həddə çatıb ki, Avropa İttifaqı viza rejiminin sadələşdirilməsi ilə bağlı qərarını ləğv etməyi planlaşdırır, Böyük Britaniya da daxil olmaqla bir çox aparıcı dövlətlər Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsini nəzərdən keçirir. Bütün bunlar onu göstərir ki, Gürcüstan Qərb-Rusiya qarşıdurmasında növbəti mübarizə meydanına çevrilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

O bildirib ki, ehtimalların hər birini nəzərdən keçirdikdə istisnasız olaraq qeyd edə bilərik ki, seçkinin nəticələrinin mövcud hakimiyyətin lehinə olması ehtimalı kifayət qədər yüksəkdir və bu da Qərbin aqressiv ritorikasının başlıca səbəbi olaraq ifadə oluna bilər: “Önəmli olan isə gürcü xalqının seçimidir. Onlar sülh və sabitliyə səs verəcəklər, yoxsa Qərbin “şirin” vədlərinə?

Davam edən Rusiya-Ukrayna müharibəsi fonunda region üçün ciddi təhdidlərin olması faktı hərkəsə məlumdur. Ermənistan vasitəsilə Cənubi Qafqaza nüfuz etmək istəyən ABŞ və Avropa İttifaqı heç bir halda Gürcüstandakı təsir mexanizmlərini də itirmək istəmir Hətta növbəti cəbhənin Gürcüstanda açılması ssenarilərinin olması da istisna edilmir. Belə olan halda 2008-ci il ssenarisinin təkrarlanması ehtimalı da kifayət qədər yüksəkdir. Ona görə də heç də təsadüfi deyil ki, 26 oktyabr seçkiləri Gürcüstan üçün önəmli hadisələrə vəsilə ola bilər. Gürcüstan ya birtərəfli qaydada Qərbə inteqrasiya yolunu seçərək Rusiyanın, ya da suveren siyasi kursu davam etdirərək Qərbin hədəfinə çevriləcək. Hər iki ehtimalda da təhdidlər istisna edilmir. Amma əgər xalq-dövlət birliyi təmin olunsa hakim Gürcü Arzusu partiyasının qələbəsi ilə mövcud hakimiyyət balanslaşdırılmış siyasi kursu davam etdirə bilər. Bu da regionun gələcəyi üçün kifayət qədər önəmlidir.

Heç şübhəsiz ki, əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilən xarici siyasət prioritetlərimiz arasında müstəqil siyasi kursa sahib, əməkdaşlıq imkanlarını dəyərləndirən və qarşılıqlı hörmət prinsipinə sadiq qalan dövlətlərlə əhatə olunmaq önəmli yerə sahibdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda Gürcüstan ilə münasibətlərimiz hər zaman yüksələn xətlə inkişaf edib və ikitərəfli münasibətlərdə qarşılıqlı etimad prinsipi əsas prinsip olaraq qəbul olunub. Dövlət başçıları səviyyəsində keçirilən görüşlər, əldə olunmu. Razılıqlar və imzalanmış müqavilələr onu deməyə əsas verir ki, iki dövlət arasında münasibətlərin yol xəritəsi çoxşaxəlidir və dinamik inkişaf xüsusiyyətlərinə sahibdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə