"Qələbənin 80 illiyində Bakının Qəhrəman şəhər adı gec də olsa özünə qaytarılmalıdır...."

"2- ci Dünya müharibəsi vaxtında Ermənistanın əhalisi güc- bəla ilə 1 milyon civarında olduğu halda, aləmə car çəkirlər ki, Ermənistan faşist Almaniyası ilə müharibəyə guya 600 mindən çox əsgər verib və guya onun 300 mini müharibədən qayıtmayıb. Saxtakarlıq daha bu boyda olmaz. Belə çıxır ki, Ermənistan SSR əhalisinin 65 faizi faşizmlə müharibəyə gedib.."

Bu fikirləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Elə bu saxtakarlığın himayədarlarının əli ilə o zaman 3,5 milyonluq Azərbaycan xalqının haqqını cinayətkarcasına yedilər. 700 min əsgər verdik, onun 350 mindən çoxu Hitler faşizmi ilə döyüşlərdə həlak oldu.130 igid həmyerlimiz o dövrün ali fəxri adına- Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər. Erməni Njdelər, Drolar kimi Hitlerə satılmış satqın həmyerlilərimiz olmadı. Qələbənin 90 faizi Bakı neftinin hesabına əldə olundu. Lakin haqqımız yeyildi və Bakı haqq etdiyi Qəhrəman şəhər adına yetişə bilmədi.

Bu və digər tutarlı faktları bu günlərdə Moskvada MDB- nin dövlət başçılarının görüşündə prezident İlham Əliyev bir daha səsləndirdi. Yeri idi səsləndirdi.Ermənilər yuxarıda dediyim kimi özlərinin müharibədəki "qəhrəmanlıqlarını" gözə soxmaq üçün görünməmiş saxtakarlıqlara əl atırlar, az qala Ermənistanın o zamankı "bir cüt - bir tək" əhalisinin çoxunun guya müharibəyə getdiyi kimi cəfəng şeylər uydururlar.

Biz niyə olanımızı, haqqımızı deyib tələb etməyək?!

Faşizm üzərində qələbənin 80 illiyi gəlir. Bu tarixin daha şərəfli şəkildə qeyd edilməsi üçün Bakıda İlham Əliyevlə Putinin arasında müzakirə də olub. Bu barədə rəsmi məlumat da var...

Qələbənin 80 illik tədbirləri zamanı Bakının Qəhrəman şəhər adının gec də olsa verilməsi ədalətin böyük təntənəsi olmazmı? Putin bu məsələni qaldırsa , kim ona "yox" deyə bilər?! Bakı kimi haqqından məhrum edilmiş digər şəhərlər də varsa, 80 illikdə məsələni kompleks şəkildə həll etmək olar. Yetər ki, SSRİ dövrü tariximizin bu səhifəsinə ədalətli, obyektiv yanaşılsın ...."

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB