“Gəncə terroru Ermənistanın ordusunun acizliyinin göstəricisidir” - ŞƏRH OLUNDU

“Qarabağ müharibəsi zamanı Gəncənin bombalanması Ermənistanın və separatçı qurum rəhbərlərinin Azərbaycana qarşı törətdikləri müharibə cinayətlərinin bir hissəsidir. Hərbi əməliyyatlar zonasında məğlubiyyətə uğrayan Ermənistan əldə olan taktiki və ballistik raketləri Azərbaycanın müharibə ilə heç bir əlaqəsi olmayan, döyüşlərin getdiyi ərazidan 100 kilometrə qədər uzaqda olan rayonlara yönəltməsi Ermənistanın ordusunun acizliyinin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, 200 nəfərə qədər mülki Azərbaycan vətəndaşının yaralandığı və ya həlak olduğu Gəncə bombardmanları zamanı Ermənistan müxtəlif tipli raketlərdən istifadə etmişdir: “Raketlərin bir hissəsi o zaman işğal altında olan Kəlbəcər rayonu ərazisindən, bəziləri isə Ermənistanın rayonundan buraxılmışdır.

Gəncənin bombalanması Xocalı, Quşçular, Malıbəylilər, Qaradağlı kimi soyqrımların davamı idi. Təəssüflər olsun ki, bir çox dünya dövlətləri xüsusilə də silahlandıran Fransa, Hindistan, ABŞ kimi ölkələr bu bombardmanları indiyə qədər bir dəfə də olsa qınamayıblar. Digər ətraf rayonları bombalayan Ermənistanın əsas məqsədi Azərbaycan mülki əhalisi arasında Xocalı soyqrımında olduğu kimi qorxu yaratmaq, onları doğma evlərindən didərgin salmaq, həyat və sağlamlıqlarına ziyan vurmaqdan ibarət idi. Ermənistan siyasi rəhbərliyi düşünürdü ki, Azərbaycan əhali arasında müharibənin davam etməsi ilə bağlı fikir ayrılığı yarada bilər. Lakin reallıqda bunun tam əksi müşahidə olundu. Əhalimiz Ali Baş Komandana erməni silahlılarının ərazilərimizdən çıxarılması üçün müharibəni davam etdirmək məqsədli sosial sifariş təqdim etdilər. Müzəffər Ali Baş Komandan da bu erməni vəhşiliklərinin cavabını Ermənistana döyüş əməliyyatlarında verdi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə