"Gürcüstan parlament seçkilərində bir neçə yenilik var" - Gürcüstanlı soydaşımız

"Bu il 26 oktyabr tarixində Gürcüstanda parlament seçkiləri keçiriləcək. Parlament seçkilərinə 15 gün qalır". Bu sözləri SİA-ya açıqlamasında Gürcüstan İctimai Yayımçısı, departament rəhbəri, jurnalist-aparıcı Ramilia Əliyeva deyib.

O bildirib ki, bu müddət ərzində seçkilərdə iştirak edən partiyalar fəal şəkildə seçkiöncəsi kampaniyalar həyata keçirirlər: "Cari ildə keçirilən Gürcüstan parlament seçkilərində bir neçə yenilik var. Bu yeniliklərin ən əsası Gürcüstanda bu ildən etibarən keçiriləcək parlament seçkilərinin sadəcə proporsional sistemlə olacağıdır. Keçmiş parlament seçkilərində qarışıq sistemlə keçirilirdi.

Proporsional sistemə əsasən majoritar deputatların seçilməsi aradan qaldırılıb. Gürcüstan parlamentində 150 mandatı sadəcə olaraq partiya tərəfindən təqdim edilən siyahılarda yer alan deputatlar qazana biləcək. Lakin proporsional sistemlə əlaqəli daha bir yenilik də odur ki, parlamentə seçilmək üçün partiyalar mütləq 5 faizlik bariyeri keçməlidirlər. Əgər partiya beş faizlik bariyeri keçə bilməsə, onun topladığı səslər daha çox səs toplayan partiyalara bölünəcək. Proporsional sistemin müsbət tərəfləri haqqında danışanda bir çox mütəxəssislər bildirirlər ki, bu, parlamenti daha rəngarəng edə bilər. Digər tərəfdən Gürcüstanda partiyaların çoxsaylı olmasından irəli gələrək onların hamısının beş faizlik bariyeri keçə bilməyəcəyi reallığı var. Bu reallığı nəzərə alaraq bir çox müxalifət partiyası koalisiyalar yaratdılar. Bu koalisiyalar birlik olaraq mübarizəyə qatıldılar. Sadəcə olaraq Gürcüstan parlamentində seçkilər də bu il majoritar sistemlə olmayacaq. Bununla bərabər Gürcüstanın iqtidar partiyası Gürcü arzusu “deliqat” termini qəbul etdi. Özünün partiya sihahısında olan namizədlər regionların deliqatları elan edildilər".

"Daha bir yenilik isə seçkilərin elektron vasitələrlə keçirilməsidir. Gürcüstan ərazisində olacaq 3030 seçki məntəqəsinin 2262 məntəqəsində seçkilər elektron vasitə ilə keçiriləcək, qalan 768 seçki məntəqəsində isə ənənəvi üsulla keçiriləcək. Seçkilərin keçirilməsi Gürcüstanın Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata və izaha əsasən nəticələrin daha tez elan edilməsinə kömək edəcək. Mərkəzi Seçki Komissiyasının verdiyi məlumatda bildirilir ki, elektron cihazların istifadəsi ilə keçirilən məntəqələrdə seçkilərin bitməsindən təxminən bir neçə dəqiqə sonra həmin məntəqələrin ilkin nəticələrini tam şəkildə ictimaiyyətə bildirə biləcəklər. Seçici seçdiyi partiyanın nömrəsini rəngləməlidir. Səsləri hesablayacaq cihazlar rənglənən nömrələrin rəngləndiyi bülletenləri oxuya bilir. Buna görə bir çox regionlarda media vasitələri ilə mütəmadi Gürcüstanın Seçki Komissiyası bu haqda məlumatlar yaydı. Bu, Azərbaycan dilində də aparıldı. Seçkilərdən öncə seçkilərin imitasiyası, test seçkilər keçirildi. Seçkilərdə istifadə edilən elektron cihazlar internet şəbəkəyə qoşulmayacaq. Bu da onların təhlükəsizliyini təmin edəcək.

İctimai rəy məsələsinə gəldikdə isə tədqiqat nəticələrinə əsasən Gürcüstan əhalisinin 59,5 faizi iqtidar arzusu partiyasına, 13,6 faizi isə müxalifət partiyası olan Milli Hərəkat Partiyasına səs verəcək. Milli Hərəkat Partiyası sabiq prezident Mixail Saakaşvilinin partiyasıdır.

2,7 faiz səsi isə “Girçi” partiyası qazanacaq. Bu partiya da heç bir koalisiyaya qoşulmadı. Bu partiya seçkilərdə müstəqil olaraq iştirak edib. Səslər digər partiyalar arasında bölünücək" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə