"COP29-un ictimai şüurda buraxacağı təsirlər çox olacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan 2015-ci ildə imzalanmış Paris sazişinə uyğun olaraq istixana qazlarının emissiyasının azaldılmasını öhdəsinə götürüb". Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

O bildirib ki, 2050-ci ilə qədər 40%-ə qədər azaldılması Azərbaycanın götürdüyü öhdəliklər sırasındadır: "2024-cü il Azərbaycanın yaşıl iqlim gündəliyi çox zəngindir. Azərbaycanda bu il yaşıl dünya naminə həmrəylik ili elan edilib. Bütün ölkədə yaşıllaşdırma işləri aparılıb. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilmiş və minadan təmizlənmiş bölgələrində böyük tikinti-quruculuq işləri aparılır, "Böyük Qayıdış" layihəsi həyata keçirilir. Bu, yaşıl enerjiyə əsaslanır, yenidənqurma və bərpa işləri bərpa olunan enerji əsasında həyata keçirilir. Məsələn, Şərqi Zəngəzurda yaşıl texnologiyalara əsaslanan infrastruktur yaradılıb. Ağalı kəndində yağış kanalizasiya suları ayrıca toplanır, evlər günəş batareyaları ilə qızdırılır, enerji təminatı bərpa olunan enerji əsasında həyata keçirilir. Eləcə də Qarabağda aparılan bərpa-quruculuq işləri yaşıl texnologiyalara əsaslanır. Xəzərin Azərbaycan sektorunda və quruda günəş və külək enerji potensialı zəngindir. Bundan istifadə istiqamətində ciddi addımlar atılıb, layihələr həyata keçirilib. Onlardan biri Qaradağda, Cənubi Qafqazın ən böyük günəş enerjisi stansiyasıdır.

Azərbaycanda təxminən bir aydan sonra BMT-nin iqlim dəyişikliyi üzrə tərəflər konfransının 39-cu toplantısı keçiriləcək. Ona hazırlıq istiqamətində ciddi addımlar atılıb. Azərbaycan bundan öncəki COP toplantılarında keçirilən Səudiyyə Ərəbistanı ilə ciddi əməkdaşlıq edir. Təşkilat komitəsi artıq fəaliyyətdədir. Hesab edirəm ki, hazırlıq yüksək səviyyədədir. Hər halda toplantıların keçiriləcəyi ərazidə aparılan müşahidələr də onu göstərir ki, hazırlıqlar yüksək səviyyədə davam edir. Azərbaycan bu tədbiri bundan əvvəlki beynəlxalq nüfuzlu tədbirlər kimi yüksək səviyyədə həyata keçirə biləcək. Bundan əvvəl Azərbaycanda İslam oyunları, Avropa oyunları keçirilib. Biz bu toplantıları uğurla yekunlaşdırmışıq.

COP29-un ictimai şüurda buraxacağı təsirlər çox olacaq. Yəqin ki, bu toplantıdan sonra Bakıda və digər iri şəhərlərdə yaşıl nəqliyyata daha çox üstünlük veriləcək. Bərpa olunan enerji resurslarının istifadəsi, alternativ enerjiyə keçid istiqamətində ciddi addımların müşahidə olunacağını gözləmək mümkündür. Bu baxımdan COP29 Azərbaycan üçün əhəmiyyətli tədbir olacaq. İnsanlarımızın ictimai şüuru, ətraf mühitə münasibəti dəyişəcək. Yaşıl nəqliyyata keçid istiqamətində addımlar atılacaq".

"Azərbaycan üçün böyük əhəmiyyəti var. COP29-un keçirilməsi Azərbaycanın qlobal iqlim siyasətində mühüm rol oynamaq və öhdəliklərini yerinə yetirmək üçün əhəmiyyətli fürsət olacaq. Bu tədbir zamanı iqlim dəyişikləri ilə mübarizə sahəsində qabaqcıl təcrübələr və yeni texnologiyalar təqdim ediləcək. Eyni zamanda yerli icmaların və qeyri-hökumət təşkilatlarının iştirakı təşviq ediləcək. Turizm sektoru canlanacaq, çünki ölkəyə 80 minə yaxın xarici turistin gələcəyi gözlənilir. Dövlət başçıları Bakıya təşrif buyuracaqlar. Azərbaycanın xidmət sektorunda canlanma yaranacaq. Yerli müəssisələrin fəaliyyəti aktivləşəcək. Həm də bu tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına şərait yaradacaq. Yaşıl iqtisadiyyatın inkişafını təşviq edəcək.

Azərbaycan son 20 ildə əldə etdiyi sosial-iqtisadi uğurları qonaqların diqqətinə çatdıracaq. Azərbaycanın yeraltı və yerüstü sərvətləri, zəngin mədəni irsi təşviq olunacaq. On gündən bir az artıq müddət ərzində Azərbaycan dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olacaq. Bu da ölkəmizin tanınması baxımından böyük rol oynayır.

COP29 ictimai şüurda da ciddi dəyişikliyə səbəb olacaq. Bu toplantıları keçirməkdə məqsəd dünyanın diqqətini qlobal iqlim dəyişikliklərinin fəsadlarına yönləndirməkdir. Artıq qlobal iqlim dəyişikliyinin fəsadları qlobal istiləşmənin nəticələri gözlə görünən səviyyədədir. Daşqınlar, sellər, mövsümlərin yerini dəyişməsini hər kəs müşahidə edir. Bu da karbon emissiyasının artması ilə bağlıdır. Dünyanın beyin mərkəzləri belə nəticəyə gəliblər ki, karbon emissiyasının azaldılması lazımdır. Gələcək nəsillərə yaşanılan dünya buraxmağımız üçün bu addımları atmalıyıq. COP29 Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artıracaq. Diplomatik mövqeyini gücləndirəcək. Azərbaycana yeni müttəfiqlər qazandıracaq. Azərbaycan koronavirus dövründə də onlarla dövlətə milyonlarla dollar həcmində humanitar vaksin yardımı göstərib. COP29-da da zəif inkişaf etmiş dövlətlərin iqlim uyğunlaşması istiqamətində həmin dövlətlərə yardım etməsi üçün xüsusi fondun yaradılmasına görə Azərbaycanın təşəbbüslə çıxış edəcəyi gözlənilir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə