İcma Varşavada ATƏT-in konfransı çərçivəsində yan tədbir keçirib - FOTOLAR

Qərbi Azərbaycan İcması (QAİ) Varşavada ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində qayıdış hüququ mövzusunda yan tədbir keçirib. Bu barədə SİA-ya İcmadan məlumat verilib.

Bildirilib ki, tədbirin əsas məqsədi Ermənistandan qovulmuş azərbaycanlıların tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaq hüququnun təmin edilməsinə beynəlxalq səviyyədə diqqəti artırmaqdır. Tədbir zamanı qayıdışın hüquqi, humanitar və praktiki aspektləri geniş müzakirə edilib.

QAİ-nin sədr müavini Ramil Həsən çıxışında Ermənistanın törətdiyi etnik təmizləmə və icmanın qayıdış hüququ sahəsində gördüyü işlər barəsində danışaraq bu mövzunu qlobal gündəmdə saxlamaq üçün həyata keçirilən səyləri vurğulayıb. Həmçinin Bosniya və Herseqovinadan olan məcburi köçkün Erna Yaşareviç köçkünlük ilə bağlı şəxsi hekayəsini bölüşərək, ədalətin təmin edilməsinin barışıq üçün zəruri şərt olduğunu qeyd edib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının rəhbəri Aydın Səfixanlı Ermənistanın Qərbi azərbaycanlıları etnik təmizləməyə məruz qoyması və onların qayıdışına imkan verməməsi səbəbindən meydana çıxan insan hüquqları pozuntuları haqqında çıxış edib.

Qeyd edək ki, tədbir Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına, ədalət və barışığa nail olmaq üçün beynəlxalq dialoqa töhfə verir.

Bütün xəbərlər Facebook səhifəmizdə