Sabitlik hər bir ölkənin inkişafında başlıca amildir

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad edildikləri günləri həmin ərazilərdə qeyd etməsi, məhz bu məkanlardan hazırkı dövrün çağırışlarını, Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajlarını çatdırması son dörd ilin qürurverici hadisələrindən hesab edilir. Səsləndirilən hər bir bəyanat tarixi Zəfərimizin, suverenliyimizin reallıqlarının dünyaya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm əhəmiyyət daşıyır. 4 Oktyabr - Cəbrayıl Şəhəri Günündə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim etdilər. Cənab İlham Əliyev çıxışında bir daha tarixi Zəfərimizin qəhrəmanlarının Vətən, torpaq sevgisindən, böyük şücaət göstərmələrindən bəhs etdi. Vurğuladı ki, Cəbrayıl ilk azad edilən şəhər idi. Cəbrayılın azad olunması müharibənin sonrakı gedişatına müsbət təsir göstərdi, eyni zamanda, ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltdi. Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirildi. Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatdı və yolumuz Şuşaya, Zəngilan və Qubadlı istiqamətinə açıldı. Müzəffər Ordumuzun Zəfər yürüşü bundan sonra daha sürətlə getdi və döyüş meydanında böyük yaşayış məntəqələri - Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, rayonları, Laçın rayonunun bir neçə kəndi və nəhayət noyabrın 8-də Şuşa şəhəri azad edildi. Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin dünyaya təqdimatı oldu: "30 il Azərbaycan dünyadan ədalət gözlədi. Lakin ikili standartlara əsaslanan siyasətin nəticəsi olaraq maraqlar ədaləti və beynəlxalq hüququ üstələdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev sözügedən çıxışında diqqəti həmin dövrün reallıqlarına yönəldərək bildirdi ki, Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilmədi. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozdu, torpaqlarımızın təxminən 20 faizini işğal etdi, etnik təmizləmə siyasəti apardı, Xocalı soyqırımını törətdi, bütün şəhər-kəndlərimizi viran qoydu. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr. Onlar hətta dünyanın bir nömrəli təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymurdular”.

Malik Həsənov vurğulayıb ki, hazırda tarixə qovuşan Qarabağ probleminin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi də daim dövlətimiz tərəfindən bildirilib: “Cənab İlham Əliyev çıxışında “Minsk qrupu nə ilə məşğul idi - ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və bizi alçaldıcı sülhə təhrik etməklə. Minsk qrupunun fəaliyyəti bundan ibarət idi”, - fikirləri ilə qurumun 28 illik fəaliyyətinin aydın mənzərəsini təqdim etdi. Azərbaycan ən yüksək tribunalardan ikili standartlara son qoyulmasına, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizmin müəyyənləşdirilməsinə çağırışlar edir. Tarixi Zəfərimiz, onun ardınca suverenliyimizin tam bərpa edilməsi bir daha sübut etdi ki, ədalət var, bunun bərpasına nail olmaq üçün səylər göstərmək, qətiyyətli addımlar atmaq lazımdır. Bu reallıq cənab İlham Əliyevin Bakıda Aşıq Ələsgərin abidəsinin açılışındakı çıxışında da xüsusi qeyd edilir ki, Qarabağın işğalı dövründə bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır. Heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır. Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz”.

Deputat, həmçinin qeyd edib ki, Azərbaycanın mövqeyi birmənalı, qətiyyətli və dəyişməz idi: “Bir qarış torpaq işğal altında qala bilməz. Məsələ sülh yolu ilə həllini tapmasa, müharibə yolu ilə həll edəcəyik. 44 günlük İkinci Qarabağ müharibəsini şərtləndirən amillər məlumdur. Bu gün artıq böyük qürur hissi ilə torpaqlarımızın dirçəldilməsindən, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışından bəhs edirik. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində açılışında, təməlqoyma mərasimində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir ki, işğaldan azad edilmiş bütün ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaransın. Cənab İlham Əliyev sözügedən çıxışında qeyd etdi ki, azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur. Bərpa-quruculuq işləri ilə yanaşı, bu torpaqlara qayıdacaq soydaşlarımızın məşğulluq məsələləri də diqqətdədir. Cəbrayıl rayonuna səfər çərçivəsində beş yeni müəssisənin təməlinin qoyulması da bunun bariz nümunəsidir. Bu vaxta qədər “Araz Vadisi Sənaye Zonası” Sənaye Parkında 10-a yaxın müəssisənin təməli qoyulub. Bir müəssisə artıq fəaliyyətdədir. Yeni təməli qoyulan müəssisələrdə mindən çox insan çalışacaq”.

Malik Həsənov bildirib ki, işğaldan azad edilmiş torpaqlarımızda törədilən erməni vandalizmi mənfur qonşularımızın vəhşiliyini sübut edir. Cənab İlham Əliyev belə bir çağırışı da səsləndirdi ki, bu dağıntılar bir müddətdən sonra söküləcək, bunların yerində yeni binalar inşa ediləcək: “Ancaq bu mənzərə heç vaxt yadımızdan çıxmamalıdır. Bu işlərdə, əlbəttə, Ermənistan əsas günahkardır. Amma o günahı bölüşənlər onların arxasında o vaxt da, bu gün də duranlardır. Bu gün Ermənistanı silahlandıran Qərb ölkələri görəsən nə fikirləşirlər? Hesab edirlər ki, biz buna göz yumacağıq? Yoxsa ki, biz gözləyəcəyik ki, bax, bu binalar da bu günə düşsün? Xeyr, gözləməyəcəyik. Heç kim bizi çəkindirə bilməz. Biz öz gələcək inkişafımızı, təhlükəsiz həyatımızı təmin etməliyik və təmin edəcəyik. Mən Ermənistana da bax, burada, dağıntılar arasında xəbərdarlıq edirəm: dayandırın bu təhlükəli oyunları!” yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə