"Prezidentimizin ayağı dəyən yerlər gülüstana çevrilir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Oktyabrın 3-də Cəbrayıl şəhəri günü ərəfəsində cənab Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfərləri həm rəmzi məna daşıyır, həm də dövlət başçımızın müəyyənləşdirdiyi ümumi strateji xəttin həyata keçirilməsinin tərkib hissəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Qasımlı deyib.

O bildirib ki, rəmzi məna ona görə daşıyır ki, dövlət başçımız bizim tariximizə ilk dəfə olaraq bayram günlərini, şadyanalıq günlərini gətirmiş dövlət rəhbərimizdir: "Dövlət müstəqilliyi bərpa edildikdən sonra millətimizin tarixində şəhərlərin, kəndlərin işğal edilməsi günü xatırlanıb. Amma cənab Prezidentimiz tariximizdə ilk dəfə olaraq şəhər günlərini gətirdi. Bunlar sadəcə şəhər günləri deyil, bayramdır. Təkcə həmin şəhərlərin sakinləri üçün deyil, bütün ölkə əhalisi üçün əhəmiyyətlidir. Torpaq, yurd sevgisini artırır. İkincisi, bu səfərlər zamanı Araz Vadisi İqtisadi Zonası sənaye parkında yeni müəssisələrin təməlinin qoyulması cənab Prezidentimizin ölkəmizdə qeyri-neft sektorunun inkişafına dair müəyyənləşdirdiyi strateji xəttin tərkib hissəsidir. Səfər zamanı sənaye parkında yeni fabrik və zavodların təməlinin qoyulması həmin məqsədə xidmət edir. Bu, ölkəmizdə iqtisadiyyatın neft sektorunda asılılığının getdikcə azalmasını sürətləndirəcəkdir.

Sevindirici haldır ki, Cəbrayılda tam orta məktəbin binasının açılışı oldu. Bu, o deməkdir ki, işğaldan azad olunmuş Cəbrayıla Azərbaycan təhsili və mədəniyyəti qayıdır. Eyni zamanda onu göstərir ki, bütün işlər planlı şəkildə aparılır. Zəngilan rayonunda yeni Su Elektrik Stansiyasının açılışı, digər yaşayış kompleksinin tikintisi və istirahət mərkəzinin tikintisi ilə tanış olmaq həmin ərazilərimizdə yaşıl enerjinin üstünlük təşkil etdiyini göstərir, həm də gələcəkdə turizmin inkişafına şərait yaradacaq. Cəbrayıla və Zəngilana səfərlər göstərdi ki, cənab Prezidentimizin ayağı dəyən yerlər gülüstana çevrilir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə