Parlamentin komitə iclasında bir sıra qanun layihələri ilə bağlı müzakirələr aparılıb - FOTO

Oktyabrın 2-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib. İclasın gündəliyinə 8 məsələ daxil edilib. SİA xəbər verir ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iclasda müzakirə edilən mövzuların, ölkəmizin xarici siyasətini dünya miqyasında təqdim etməyə yönəlmiş strateji yanaşmaların inkişafına xidmət etdiyini bildirib.

O qeyd edib ki, komitənin üzvləri ölkənin milli maraqlarını qorumaq və inkişaf etdirmək üçün beynəlxalq arenada daha aktiv və səmərəli strategiyalar müəyyənləşdirməlidirlər: “Bu, yalnız diplomatik münasibətlərin inkişafı deyil, həm də Azərbaycanın dünya miqyasında tanıdılması üçün vacibdir. Komitənin bu istiqamətdə atacağı addımlar, beynəlxalq aləmdə Azərbaycanın mövqeyini gücləndirmək və ölkəmizin potensialını daha geniş kütlələrə çatdırmaq məqsədini daşıyır. Eyni zamanda, yerli və beynəlxalq müzakirələrdə iştirak edərək, Azərbaycan haqqında obyektiv məlumatların yayılması bizim üçün önəmlidir. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi, Azərbaycan xarici siyasətinin strateji hədəflərinin müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün mühüm bir platformadır”.

Sonra komitə sədri gündəliyə daxil olan məsələlər barədə məlumat verib. Əvvəlcə komitənin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsinə baxılıb.

Daha sonra komitə üzvləri gündəliyə daxil olan “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un, “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in, “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişdə dəyişikliklərin, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”nin, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihələri və cari məsələlərlə bağlı müzakirələr aparıblar.

Müzakirələrin sonunda komitənin 2024-cü ilin payız sessiyası üçün iş planı təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə