Nazir müavini çağırış edib

Ermənistan bütün mövcud məlumatları, itkin şəxslərin dəfn yerləri barədə məlumatları bölüşməlidir. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev oktyabrın 2-də Bakıda keçirilən “Etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi” mövzusunda paneldə deyib.

Onun sözlərinə görə, Azərbaycan 30 ildən artıqdır itkin düşmüş şəxslər problemi ilə qarşılaşan ölkə kimi dayanıqlı sülh gətirə biləcək məsələlərin əhəmiyyətini yaxşı bilir: "Beynəlxalq qətnamələr sülh və sülh quruculuğu prosesinin bir hissəsi kimi itkin düşmüş şəxslər probleminin həllini vurğulayır. Humanitar elementlərin sülh danışıqlarına daxil edilməsi vacibdir. Azərbaycan tərəfindən azad edilmiş ərazilərdə Vətən müharibəsindən sonra qısa müddətdə 18 kütləvi məzarlıq aşkar edilib, azad edilmiş ərazilərdə basdırılan meyit qalıqları qeyri-insani şəraitdə basdırılıb".

Nazir müavini bildirib ki, son illərdə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün Azərbaycan hökuməti lazımi addımları atır: "İtkin düşmüş şəxslərin naməlum taleyi barışıq və davamlı sülh üçün maneə ola bilər. Regionumuzda sülhə münasibətimiz heç vaxt qisas üzərində qurulmayıb. Azərbaycan mina partlayışı riski yüksək olmasına baxmayaraq, 2000-ə qədər meyit qalığını Ermənistana geri qaytarıb”.

Bütün xəbərlər Facebook səhifəmizdə